1.
Obyektiv mənada hüququn anlayışı
Hüquq mürəkkəb və çoxcəhətli anlayışlardan biri
olub, müxtəlif mənalarda işlədilir. Bir qayda olaraq, “hüquq” dedikdə, hüquq
normalarının məcmusu başa düşülür ki, buna da obyektiv mənada hüquq deyilir.
Obyektiv mənada hüquqa “obyektiv hüquq” vəya “pozitiv hüquq” da deyilir. Obyektiv
hüquq ona görə “obyektiv” adlanır ki, 1) hüquq normaları konkret bir hadisəyə
bir dəfə tətbiq olunmaq üçün deyil, əksinə qüvvədə olduğu müddət ərzində baş
verən bütün analoji hallara dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulur, 2)
hüquq normaları konkret bir fərdə deyil, qeyri-müəyyən sayda fərdlərə şamil
edilir, 3) bir çox hüquq normalarının tətbiqi fərdlərin iradəsindən asılı deyildir.
Deməli, obyektiv mənada hüquq dedikdə, bir ölkə
ərazisində qüvvədə olan bütün hüquq normaları başa düşülür. Hüquq
normasının tərifindən də bildiyimiz kimi hüquq normaları rəsmi sənədlərdə əks
olunur. Lakin dövlət orqanları hüquq norması müəyyən etməyən rəsmi sənədlər də
qəbul edirlər. Bütün bu sənədlərə hüquqi aktlar deyilir.
2.
Hüquqi aktların təsnifatı
Azərbaycan
Respublikası Konstitusiyasının müəyyən etdiyi məsələlərdən biri qanunvericilik
sistemi, normativ-hüquqi aktlar, hüquq və qanun məsələləridir. Konstitusiyanın
V bölməsində ifadə olunan normalar məhz bu məsələlərə həsr edilmişdir.
Hüquqi
aktların təsnifatı Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun
1.0.4-cü maddəsində verilmişdir. Buna görə hüquqi aktlar a) normativ hüquqi aktlar,
b) qeyri-normativ hüquqi aktlar və c) normativ xarakterli aktlar adlanan növlərə
bölünürlər. Burada “hüquqi akt” termini “obyektiv hüquq” terminindən daha geniş
mənada işlədilmişdir. Yəni sadəcə hüquq normalarının əks olunduğu rəsmi
sənədlər deyil, həm də hüquq normasını əks etdirməyən digər rəsmi sənədlər (qeyri-normativ
hüquqi aktlar və normativ xarakterli aktlar) də nəzərdə tutulmuşdur. Belə ki,
birincidən fərqli olaraq, ikinci və üçüncü növ hüquqi aktlarda hüquq normaları
müəyyən edilmir.
3. Qanunvericilik
sistemimiz və hüquqi aktların təsnifatı
Ümumi olaraq hüquqi aktların təsnifatını bu şəkildə
göstərmək olar:
A.
Normativ hüquqi aktlar:
1- Konstitusiya
2- Referendumla qəbul olunan aktlar
3- Beynəlxalq müqavilələr
4- Qanunlar
5- Fərmanlar
6- Nazirlər Kabinetinin qərarları
7- Mərkəzi İcra Hakimiyyəti orqanlarının normativ
aktları
B. Qeyri-normativ hüquqi aktlar:
Bunlar 1 dəfəyə məxsus olaraq tətbiq olunma halları
ilə bağlı hüquqi aktlardır və aşağıdakılar bu növə aid hüquqi aktlardır:
1- Milli Məclisin qərarları
2- Prezidentin sərəncamları
3- Nazirlə Kabinetinin sərəncamları
4- VVADQ (vətəndaş vəziyyəti aktlarının
dövlət qeydiyyatı) orqanlarının aktları və s.
C. Normativ Xarakterli aktlar:
Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə
orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən
və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi
sənədlərdir.
1- Konstitusiya Məhkəməsi qərarları
2- Mərkəzi Seçki Komissiyasının qərar,
təlimat və izahları
3- Mərkəzi Bankın qərarları
4- Məhkəmə Hüquq Şurasının qərarları
5- Milli TV və Radio Şurasının qərarları
6- Yerli Özünüidarə və yerli icra
hakimiyyəti orqanlarının qərarları
3.1. Normativ hüquqi akt anlayışı
Normativ hüquqi aktların tərifi
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda belə verilmişdir:
Normativ
hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə,
qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər
üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş,
hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər
dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi
sənəddir. (m. 1.0.1.)
Normativ hüquqi aktlar hüququn əsas və
mühüm yazılı mənbə növü hesab edilir. Onlar hüququn mənbəyinin
təkmilləşdirilmiş növü olub, hüquqi tənzimləmənin dəqiq olmasını təmin edir.
3.2. Qanunvericilik sistemimizə daxil olan normativ hüquqi
aktlar
Normativ-hüquqi
aktlar bir-biri ilə xaotik və nizamsız halda birləşməmişdir. Onlar müəyyən
sistem halında yerləşir. Söhbət normativ-hüquqi aktların müəyyən ardıcıllıqla
vahid şaquli xətt üzrə birləşməsindən gedir. Ardıcıllıq normativ-hüquqi aktın
qüvvəsi ilə müəyyən edilir. Normativ-hüquqi aktların bu cür sistematik
düzlənməsi qanunvericilik sistemini yaradır.
Qanunvericilik sistemi dedikdə, normativ-hüquqi aktların,
onların malik olduğu hüquqi qüvvəsindən asılı olaraq vahid şaquli xətt üzrə
müəyyən ardıcıllıqla düzlənməsi və yerləşməsi başa düşülür.
Normativ
hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci
maddəsi ilə müəyyən edilir.
I.
Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1)
Konstitusiya;
2)
referendumla qəbul edilmiş aktlar;
3)
qanunlar;
4)
fərmanlar;
5)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6)
mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
3.2.1. Konstitusiya
Konstitusiya
ictimai və dövlət quruluşunun əsasını və qanunvericilik sisteminin normativ
bazasını təşkil edir.
I. Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi
qüvvəyə malikdir.
II. Azərbaycan
Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik
sisteminin əsasıdır. (AR K m.147.)
Bu maddənin I və II hissələrinin başlıca təyinatı digər normativ-hüquqi
aktlar sırasında Konstitusiyanın aparıcı mövqeyini müəyyənləşdirməkdən, habelə
dövlət hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən qəbul edilən hüquqi
aktlarla onların qarşılıqlı əlaqəsini təsbit etməkdən ibarətdir. Konstitusiyanın
“yüksək hüquqi qüvvəyə malikdir” müddəası onun ölkə ərazisində qüvvədə olan
digər normativ-hüquqi aktlardan üstünlüyünü təsdiq edir. Məhz bu üstün mövqeyi
ilə qanunların və qanunqüvvəli aktların Konstitusiyaya zidd olmaması müəyyən
edilir.
Konstitusiyanın yüksək hüquqi qüvvəsini şərtləndirən əsas amillərdən biri
də ona dəyişikliklərin və əlavələrin edilməsinin xüsusi qaydalarının müəyyən
olunmasıdır.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin
qəbul edilməsi qaydası
“Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul
edilə bilər.” (ARK m.152)
Konstitusiyaya
referendum yolu ilə dəyişikliklərin edilməsi müddəası Konstitusiyanın özünün
qəbul edilməsi qaydasından irəli gəlir. Belə ki, «Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında» 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının
15-ci maddəsində deyilir: «Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq
səsverməsi (referendum) keçirmək yolu ilə qəbul edilir».
Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası
“Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişillikləri Azərbaycan
Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti
təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.” (ARK m.153)
Bu
təklif Milli Məclis tərəfindən irəli sürülərsə Məclis tərəfindən ən az 63 səs
çoxluğu ilə qərar qəbul edilməlidir.
Konstitusiyanın daxili quruluşunun və uyğunluğunun təmin
olunması məqsədilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ilkin
konstitusiya nəzarəti qaydasında Konstitusiyaya dəyişikliklərin edilməsi barədə
qanun layihələri haqqında, onlar referenduma çıxarılmamışdan əvvəl öz rəyini
verir.
Konstitusiya
Məhkəməsinin rəyi tövsiyəedici xarakter daşıyır. Maddədə hüquqi vəzifə olaraq
Konstitusiya Məhkəməsinin rəyinin alınması təsbit edilmiş, belə bir rəyin
Konstitusiya Məhkəməsi tərəfindən verilməsi isə bir vəzifə olaraq qanunla
Konstitusiya Məhkəməsinin üzərinə qoyulmuşdur. Belə ki, eyni norma
«Konstitusiya Məhkəməsi haqqında» 2003-cü il 23 dekabr tarixli Azərbaycan
Respublikası qanununun 61-ci maddəsində də öz əksini tapmışdır.
Həmin
maddəyə görə, Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının mətnində
dəyişikliklər edilməsi haqqında təklif verərlərsə, təklif olunmuş
dəyişikliklərin mətni ilə bağlı məsələ Konstitusiya Məhkəməsinə daxil olduğu
gündən ən geci 7 gün keçənədək Konstitusiya Məhkəməsinin iclasına
çıxarılmalıdır.
Konstitusiya
Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası
Konstitusiyasının prinsiplərinə uyğun olması və ya olmaması haqqında
əsaslandırılmış rəy qəbul etməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının mətnində
dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə Konstitusiya Məhkəməsi
rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.
Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
Bu Konstitusiyanın 1-ci (Hakimiyyətin
mənbəyi), 2-ci (Xalqın suverenliyi), 6-cı (Hakimiyyətin mənimsənilməsinə yol
verilməməsi), 7-ci (Azərbaycan dövləti), 8-ci (Azərbaycan dövlətinin başçısı)
və 21-ci (Dövlət dili) maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi
haqqında, III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və
azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması
haqqında təkliflər referenduma çıxarıla bilməz. (ARK m.155)
Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası (ARK m.156)
I. Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs
çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan
Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci
səsvermədən 6 ay sonra keçirilir.
III. Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də
ikinci səsvermədən sonra bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş
qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
IV. Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan
Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
qüvvəyə minir.
V. Konstitusiya qanunları Azərbaycan Respublikası
Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası
Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
VI. Naxçıvan
Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli
Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və
Konstitusiya Qanunu ilə təsdiq edilir.
Azərbaycan
Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü (m.157)
Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının
Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı
təklif edə bilərlər.
Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması (m.158)
Bu Konstitusiyanın birinci bölməsində
əks etdirilmiş müddəalarla (I. Xalq Hakimiyyəti və II. Dövlətin Əsasları) əlaqədar
Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.
3.2.2. Referendumla qəbul edilmiş
aktlar
Azərbaycan xalqı öz hüquqları və
mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Yalnız
referendumla həll oluna bilən məsələlər AR K-da verilmişdir:
Aşağıdakı məsələlər yalnız referendumla
həll oluna bilər:
1) Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi (AR K. m.3.II)
2) Azərbaycan Respublikasının dövlət
sərhədlərinin dəyişdirilməsi (AR K. m.3.II)
Referendumun təyin edilməsinə dair qərar
Milli Məclisdə 63 səs çoxluğu ilə qəbul edilir. (AR K. m.95.II)
Referendumla
qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar,
qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr
üçün məcburidir. (AR K. m.149.II)
3.2.3. Qanunlar
Qanunvericilik
sistemində qanunlar qanunqüvvəli aktlardan bir-neçə cəhətlərinə görə fərqlənir
və onlardan üstün hüquqi qüvvəyə malikdirlər:
Birincisi,
qanunları qanunqüvvəli aktlardan fərqləndirən əsas cəhət qanunun qəbul
edilməsinin AR Milli Məclisinin müstəsna səlahiyyətinə aid olmasıdır. Bu mühüm
funksiyanın yalnız AR Milli Məclisinin səlahiyyətinə aid edilməsi hüquqyaratma
prosesinin sabitləşdirilməsi və qanunçuluğun möhkəmləndirilməsi zərurətindən
irəli gəlir.
İkincisi,
qanunun yüksək hüquqi qüvvəyə malik olması o deməkdir ki, qanun yalnız
qanunvericilik qaydasında və ancaq onu qəbul etmiş orqan tərəfindən ləğv oluna
bilər.
Üçüncüsü,
qanun mühüm ictimai münasibətləri nizama salır.
Qanun
dedikdə, xüsusi qaydada qəbul edilən, yüksək hüquqi qüvvəyə malik olan, ictimai
və dövlət həyatının ən mühüm məsələlərini tənzimləyən normativ-hüquqi aktlar
başa düşülür.
Qanunlar
adi (cari) və Konstitusiya qanunları olmaqla iki yerə bölünürlər. Konstitusiya
qanunları bir qayda olaraq Konstitusiya mətninə əlavələrin daxil edilməsi
məqsədilə qəbul olunurlar.
Azərbaycan Respublikasının Milli Məclisi
bir çox məsələlərə dair ümumi qaydalar (hüquq normaları) müəyyən edir.
Bunlardan, Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Milli Məclisə seçkilər
və deputatların statusu və referenduma dair qanunlar 83 səs çoxluğu ilə, qalan
məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. (AR K m.94.II)
Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyətinə bir çox məsələlərin həlli aiddir. Bunlardan, Milli Məclisin
işinin təşkili, Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərimizin təsis
edilməsi, inzibati ərazi bölgüsü, dövlətlərarası və Azərbaycan Respublikasının
qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin
təsdiq və ləğv edilməsi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun
icrasına nəzarətə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə
eyni qaydada qərarlar qəbul edilir. (AR K
m.95.II)
Qanunlar qəbul edildiyi gündən 14 gün
müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim
edilir. (AR K m.97.I)
Təcili elan olunan qanun layihəsi
Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən
24 saat ərzində təqdim edilir. (AR K m. 97.II)
Azərbaycan Respublikasının Prezidenti
qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun
Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu
imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan
Respublikasının Milli Məclisinə qaytara bilər. (AR
K m.111. I)
Azərbaycan Respublikası Konstitusiyasına
əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə
Konstitusiya qanunları şəklində qəbul edilir. (AR
K m. 156.I)
Konstitusiya qanunları Azərbaycan
Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası
Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. (AR K m. 156.V)
Konstitusiya qanunları Azərbaycan
Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan
Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs
çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə
yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. (AR K m.111. II)
Qanunun və Azərbaycan Respublikası Milli
Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar
dərc edildiyi gündən qüvvəyə minir. (AR K m. 98)
Qanunlar
Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və
icrası bütün vətəndaşlar, qanunvericilik,
icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün
məcburidir. (AR K m.149.III)
3.2.4. Fərmanlar
Ümumi qaydalar müəyyən etdikdə
Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə
sərəncamlar qəbul edir. (AR K m.113.I)
Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi
gündən qüvvəyə minir. (AR K m.113.II)
Azərbaycan
Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş
fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları,
hüquqi şəxslər üçün məcburidir. (AR K m.149.IV)
Bəzi
fərmanlar (hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə dair) Milli Məclisdə
63 səs çoxluğu ilə təsdiq edilir. (AR K m.95.I.8, II, 111, 112)
3.2.5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları
Ümumi
qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar,
başqa məsələlər üzrə sərəncamlar qəbul edir. (AR K m.120.I)
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə
tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. (AR K m.120.II)
Azərbaycan
Respublikası Nazirlər Kabinetinın qərarları Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. (AR K
m.149.V)
3.2.6. Mərkəzi icra hakimiyyəti
orqanlarının normativ aktları
Mərkəzi
icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd
olmamalıdır. (AR K m.149.VI)
3.2.7. Naxçıvan Muxtar
Respublikasının qanunvericilik sistemi
Naxçıvan
Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və
qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi
qüvvəyə malikdir. (AR K. m.148.III)
Naxçıvan
Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının
qanunvericilik sisteminə uyğun olmalıdır. (AR K. m.148.IV)
4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr
Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. (AR K. m.148.II)
Söhbət Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təsdiq edilmiş beynəlxalq müqavilələrdən gedir. Yalnız
bundan sonra beynəlxalq müqavilələr hüquqi qüvvəyə malik olur və Azərbaycan
Respublikasının qanunvericilik sisteminin tərkibinə daxil edilir.
Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə
(Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar
istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
(AR K. m.151)
Azərbaycan
Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq
müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və
Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr)
bağlanır.
Texniki yardım və qrant alınmasına, həmçinin dövlət
zəmanəti ilə alınan kreditlərə dair beynəlxalq
danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması haqqında qərarları Azərbaycan Respublikasının
Nazirlər Kabineti, digər hallarda Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti bütün beynəlxalq müqavilələr barəsində,
müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə ratifikasiyası tələb
olunmayan beynəlxalq müqavilələr barəsində danışıqlar aparmaq və onları
imzalamaq hüququna malikdirlər.
Azərbaycan
Respublikasının Prezidenti beynəlxalq
danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini
imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə verə
bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan
hərəkətlər göstərilir.
Dövlətlərarası və
Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan
hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq
(ratifikasiya) edir. (bax: AR K m.95.I.4, m.94.I.22)
Azərbaycan Respublikasının Milli Məclisi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinə baxır və 63 səs çoxluğu ilə müvafiq qanun qəbul edir.
Ratifikasiyası tələb
olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
Ratifikasiya edilmiş
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidentinin təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir.
Ratifikasiyası tələb
olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti ləğv edir.
5. Normativ hüquqi aktlar və
onların hüquqi qüvvəsi. Qanunvericilik piramidası
Normativ
hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu
maddəsinin II, III, IV, V, VI hissələri, 134-cü maddəsinin IV, V hissələri və 151-ci
maddəsi, eləcə də Normativ hüquqi aktlar haqqında 21.12.2010-cu il tarixli
Konstitusiya Qanununun 2-ci maddəsi ilə müəyyən edilir.
6. Qeyri-normativ
hüquqi aktlar və onların hüquqi qüvvəsi
Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktlar haqqında
21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 3-cü maddəsi ilə müəyyən
edilir:
3.1.
Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata
keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün
nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır.
3.2.
Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul
edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
3.3.
Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:
3.3.1.
Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;
3.3.4.
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların
aktları;
3.3.5. bu
maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər
hüquqi aktlar.
7. Normativ xarakterli aktlar
Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktlar haqqında
21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 4-cü maddəsi ilə müəyyən
edilir:
4.1.
Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
4.1.1.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və
izahları;
4.1.3.
Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
4.1.4.
Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5.
Milli Televiziya və Radio Şurasının qərarları;
4.1.6.
yerli özünüidarə orqanlarının qərarları;
4.1.7.
yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2.
Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən
edə bilməz.
4.3.
Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul
edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu
Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli
aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.
Normativ
xarakterli aktlar haqqında Konstitusiyada da bəzi müddəalar vardır:
Öz səlahiyyətləri
daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan
aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. (AR K.
m.148.V)
Bələdiyyələrin
qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər
münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında
isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd
olmamalıdır. (AR K. m.150.I)
Bələdiyyənin
qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun
ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. (AR K. m.150.II)
8. Normativ hüquqi aktlar qəbul
etmək səlahiyyətlərinin hüquqi əsası
Normativ-hüquqi aktlar qəbul etmək
səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan
Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir.
Normativ-hüquqi aktlar Azərbaycan
Respublikası Konstitusiyasına və özündən daha yüksək hüquqi qüvvəsi olan başqa
normativ hüquqi aktlara uyğun olmalıdır.
9. AR Konstitusiya Məhkəməsi
9.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı və əsas
məqsədləri
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi (bundan sonra - "Konstitusiya Məhkəməsi") Azərbaycan
Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə
dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Konstitusiya Məhkəməsinin əsas
məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər
kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
9.2 Konstitusiya Məhkəməsinin səlahiyyətləri
Konstitusiya Məhkəməsinin səlahiyyətləri
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I
hissəsi, 101-ci maddəsinin V hissəsi,
102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III
hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III – VII hissələri, 153-cü və
154-cü maddələri ilə müəyyən edilir. Konstitusiyanın 130-cu maddəsinə əsasən:
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı
məsələləri həll edir:
Azərbaycan Respublikası qanunlarının,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan
Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası
Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının
Konstitusiyasını və qanunlarını şərh edir.
9.3.
Konstitusiya
Məhkəməsi qərarlarının hüquqi qüvvəsi (m. 66)
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan
Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin
qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya
Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Azərbaycan
Respublikası Konstitusiyasının
130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların
ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri
Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür,
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
Azərbaycan
Respublikasının Konstitusiyasına və
qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və
müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi
iştirakçılarına o halda məcburidir ki,
bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş
olsun. (AR CPM m.10.3)
Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün
əsas təşkil etmiş Azərbaycan
Respublikası Konstitusiyasının norması referendum
nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən
qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.
10. Normativ
hüquqi aktların kolliziyası
10.1. Kolliziya anlayışı
Normativ
hüquqi aktların kolliziyası dedikdə, eyni ictimai münasibətləri tənzimləyən
qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) başa düşülür. Normativ hüquqi aktların kolliziyasının həlli
qaydaları həmin qanunun 10-cu maddəsi ilə tənzimlənmişdir. Buna görə,
1. Normativ
hüquqi aktların kolliziyası həll edilərkən normativ hüquqi aktların hüquqi
qüvvəsi nəzərə alınır.
2. Normativ
hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin
tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul
etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul
etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
3. Ziddiyyət
təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret
münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin
münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.
4. Eyni
normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud
olduqda xüsusi norma tətbiq edilir.
5. Yeni
normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər
qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə
malikdir.
6. Eyni
münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda
tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab
edilmir.
7. Dövlət
orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna
malik deyildirlər.
8.
Naxçıvan Muxtar Respublikasında normativ hüquqi aktların kolliziyası həll
edilərkən normativ hüquqi aktların hüquqi qüvvəsi nəzərə alınır.
10.2. Normativ hüquqi
aktların kolliziyasının aradan qaldırılmasının üsulları
Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları
qanunun 12-ci maddəsi ilə tənzimlənmişdir. Buna görə,
1.
Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ
hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli
olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin
normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir.
2. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı
qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə,
həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə aşağıdakı tədbirlər
görülməlidir.
1.
normativ hüquqi aktın ləğv edilməsi;
2.
normativ hüquqi aktda dəyişikliklər edilməsi;
3.
normativ hüquqi aktların məcəllələşdirilməsi.