1. Hüququn
tətbiqi və qanunun analogiyası
Hüquq münasibətləri və onlardan irəli gələn
mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Bir çox ictimai
münasibətləri hüquq normaları ilə yanaşı digər ictimai davranış normaları (əsasən
işgüzar adətlər) da nizama salır. Bundan başqa, subyektlər də bir çox
məsələləri aralarında bağlanan müqavilə ilə razılaşdırmış olurlar.
Mülki hüquq münasibəti və ondan irəli gələn
mübahisəyə baxan dövlət orqanı (məhkəmə və ya inzibati orqan) mövcud ictimai
davranış normaları və bağlanmış müqavilələri, eləcə də işgüzar adətləri tətbiq
edərkən hansı ardıcıllığa riayət etməlidir?
Ümumiyyətlə, qanunvericilik
sistemində hüquq münasibətini birbaşa tənzimləyən hüquq norması varsa öncəliklə
həmin hüquq norması tətbiq edilir. Belə ki, hüquq norması ilə tənzimlənən bir
məsələyə (hüquq münasibəti) digər ictimai davranış normaları tətbiq edilmir.
Onlar yalnız qanunun susduğu məsələlərdə tətbiq oluna bilərlər. Normativ hüquqi
aktlar haqqında KQ`nun 13.1-ci maddəsinə görə də “Konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları
olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə oluna bilər.”
Bəs mövcud qanunvericilik normaları tətbiq edərkən
hansı ardıcıllığa riayət etməlidir? Bu suala AR MM`nin 11.1-ci maddəsi cavab verir. Belə ki,
“Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və
ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə
bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə
zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları
tətbiq edilir (qanunun analogiyası).”
Buradan gördüyümüz kimi mülki hüquq
münasibətlərinə ilk öncə onları birbaşa tənzimləyən qanunvericilik aktları tətbiq
edilir. Lakin hüquq normalarının özləri də tənzimetmə metoduna görə imperativ və
dispozitivdir. İmperativ hüquq normaları qəti və əmredici olub, tərəflərə
alternativ davranma imkanı tanımır. Məsələn,
“Kirayəyə verəni kirayəyə verilmiş əşyanın
qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran
razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində
qəsdən susmuş olsun.” (AR MM m. 677.4.) (imperativ
hüquq norması)
Bu baxımdan, mübahisə mənbəyi olan
mülki-hüquq münasibətini tənzimləyən imperativ
(1) hüquq norması varsa hakim öncə bu normanı tətbiq edir. Belə ki,
“Müqavilə onun bağlandığı vaxt qüvvədə
olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi
qaydalara (imperativ normalara) uyğun gəlməlidir.” (AR MM m. 390.2.)
2-cisi, əgər qanunvericilikdə
mülki-hüquq münasibətini tənzimləyən imperativ hüquq norması yoxdursa, tərəflər
arasında bağlanmış müqavilə əsas götürülür: (bax. AR MM m.11.1)
3-cüsü, mülki hüquq münasibəti tərəflərin
razılaşması ilə də tənzimlənmədikdə dispozitiv hüquq normaları tətbiq olunur.
Bu zaman dispozitiv hüquq normaları tərəflərin müqavilə ilə ifadə edilməmiş
iradələrini tamamlayır:
Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən
və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin
münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (AR MM
m.390.7)
Belə ki, dispozitiv hüquq normaları tərəflərə
qanun çərçivəsində iradə sərbəstliyi və müqavilə azadlığı tanıyan hüquq
normaları olub, tərəflərin müqavilədə tam və ya aydın ifadə edilməyən iradələrini
şərh edirlər. Beləcə, müqavilə mətninə əsaslanan hakim tərəf iradələrini
aydınlaşdırmaq üçün tamamlayıcı və şərhedici mülki-hüquq normalarından istifadə
edir.
Məsələn,
“Faizlərin hesablanmağa başlandığı
gün göstərilmədikdə onlar vekselin tərtib edildiyi gündən hesablanmalıdır.” (tamamlayıcı dispozitiv)
“Əgər ödəniş müddəti
ayın əvvəlinə, ortasına və ya axırına təyin edilmişdirsə, bu ifadələr ayın
birinci, on beşinci və ya sonuncu gününü bildirir.” (şərhedici dispozitiv)
Yuxarıdakı hüquq
normaları dispozitiv olub, “faizlərin hesablanmağa başlandığı gün göstərilmədikdə”
ifadəsi ilə tərəflərə faizlərin hesablanma gününü təyin etmə nöqtəsində iradə sərbəstliyi
tanımış, “təyin edilmişdirsə, bu ifadələr...........sonuncu gününü bildirir”
ifadəsi isə tərəflərin tam və ya aydın olmayan iradələrini şərh edərək
tamamlayır.
4-cüsü, mülki hüquq münasibəti
dispozitiv hüquq normaları ilə də tənzimlənmirsə, işə tətbiq edilə bilən işgüzar adətlər tətbiq edir. (bax.
AR MM m.11.1). Eyni müddəa Normativ hüquqi aktlar haqqında KQ`nun 13.3-cü
maddəsində də nəzərdə tutulmuşdur: “Mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və
onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu
onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir.”
Bu ardıcıllığa qanunvericiliyin müxtəlif müddəalarında da rastlaya
bilərik. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz
hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri
vicdanlığın tələb etdiyi tərzdə, yəni
şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və
bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə
şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli
sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
5-cisi, belə adət də
mövcud deyilsə hakim eyni olmasa da mahiyyətcə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik
normalarını işə tətbiq edir. Buna qanunun
analogiyası deyilir. Yəni ki, bir məsələni tənzimləyən qanun analoji məsələlərə
də tətbiq edilir:
Konkret
ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. (KQ m.13.1)
Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai
münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları
tətbiq edilir. (KQ m.13.2)
Mübahisə edilən hüquq
münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji
münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. (MPM m.13.4)
Hüququ
tətbiq edən orqanın analogiyadan istifadəsi hüquqda çatışmazlığı aradan
qaldırılması və yeni normanın yaradılması deyildir.
Qətnamədən
çıxarış
İş materiallarından göründüyü kimi
Sulu-Təpə qəsəbəsində yerləşən mübahisəli ev tikilisi özbaşına tikili olmaqla,
həmin evdə A pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə
həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar
münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun
analogiyası).
Özbaşına tikililərdə yaşayış
sahəsindən istifadə hüququ qüvvədə olan qanunvericiliklə birbaşa müəyyən
edilmədiyindən, məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinə köçürülmə haqqında B`nin
iddiasına birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mənzil
qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmişdir.
Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarəçi özü ilə birlikdə yaşayan ailə
üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə
başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Bakı şəhəri Binəqədi
rayon məhkəməsinin 30 noyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı B`nin Sulu-Təpə
qəsəbəsində yerləşən evə yaşayış
hüquqları tanınmış və onun həmin evə pasport qeydiyyatına alınması qət
edilmişdir.
Analogiya
tətbiq edildikdə hər bir konkret iş üzrə fərdi qərar çıxarılır ki, bu qərar
oxşar hallar üçün məcburi deyil. Yəni, konkret məsələnin həll edilməsi
məqsədilə oxşar münasibətləri tənzimləyən hüquq normasının tətbiq edilməsi və
bunun nəticəsində qəbul edilən qərar (qətnamə) analoji məsələlərin həllində hüquqi
presedent təşkil etmir. Lakin analogiyanın səlahiyyətli və nüfuzlu orqan
tərəfindən qəbul edilməsi, gələcəkdə
oxşar işlərin həllinə kömək edə bilər. Belə ki, Ali Məhkəmə orqanlarının
ixtiyarı var ki, qanunvericiliyin tətbiqi məsələləri üzrə izahatlar versin. Konstitusiyanın
131.1-ci maddəsinə görə Ali Məhkəmə məhkəmələrin
praktikasına aid məsələlər üzrə izahatlar verir. Bu cür izahatlar, bir qayda
olaraq, Ali Məhkəmə Plenumu qərarları formasında qəbul edilir və
ümumiləşdirilmiş materiallara əsaslanır. Plenum qərarları bütün məhkəmə
orqanlarına şamil edilir. Bu qərarlardan istifadə olunması şərh olunan normanın
tətbiq edildiyi hər bir hal üçün nəzərdə tutulur. Plenum qərarlarının
əksəriyyətində qüvvədə olan qanunvericilik təfsir olunur, qanunvericiliyin
mənası aydınlaşdırılır və izah edilir. Yəni plenum qərarları ilə ümumi məcburi
davranış qaydası (hüquq norması) müəyyən edilmir. Buna görə də plenum qərarları
hüququn mənbəyini təşkil etmir. Yəni, burada məhkəmə praktikası ilə
hüquqi presedenti bir-biri ilə qarışdırmamaq lazımdır.
Bununla belə, hüquqdakı
müvafiq boşluqların doldurulmasında həmişə analogiyanı tətbiq etmək olmur. Yəni
analogiya heç də boşluqların doldurulması üçün mütləq kateqoriya deyil. Bu
zaman həmin hüquq sahəsinin tənzimetmə metodu analogiyanın tətbiqini istisna
edir. Məsələn, analogiyanın tətbiqi cinayət və inzibati işlər üzrə istisna
edilir. Bu sahələrdə boşluqların olması danılmazdır. Lakin bu boşluqlar doldurulmur,
dəf edilmir. İnzibati və cinayət hüququnda mövcud olan boşluqlar yalnız aradan
qaldırılır.
Qüvvədə
olan Cinayət Məcəlləsinin 5-ci maddəsində qanunçuluq prinsipi təsbit olunub. Bu
məcəllənin 5.2-ci maddəsində analogiyanın tətbiq edilməsi imperativ qaydada
istisna edilir: - “cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.” İnzibati
Xətalar Məcəlləsinin də 6.3-cü maddəsinə görə: - “inzibati
xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.”
Belə
normaların imperativ qaydada müəyyən edilməsi məhz qanunçuluq prinsipinin
mahiyyətindən irəli gəlir və bu prinsipin təmin edilməsi analogiyanı istisna
edir. Bu prinsipə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət və ya
inzibati xəta sayılması və həmin əmələ görə cinayət və ya inzibati xarakterli
tədbirlər yalnız müvafiq məcəllələr ilə
müəyyən edilir. Eyni müddəalar KQ`da da öz əksini tapmışdır:
- “Cinayət,
inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma,
hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında
hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.”
(KQ m.13.5)
Qanunçuluq prinsipi şəxsiyyətin hüquqlarının və
azadlıqlarının təminatçısı kimi çıxış edir. Hüququn digər sahələrində isə
analogiya bu və ya digər şəkildə tətbiq edilir. Ümimiyyətlə analogiya tətbiq
olunması barəsində xüsusi qadağa olmayan
bütün hüquq sahələrində tətbiq edilir.
2.
Qanunda boşluq və hüququn analogiyası
Bəs əgər həm qanunvericilikdə məsələni
birbaşa tənzimləyən imperativ və dispozitiv hüquq normaları, həm də qanunda mahiyyətcə oxşar münasibətləri tənzimləyən
mülki qanunvericilik normaları olmadıqda necə olacaq? Bu vəziyyətə “qanunda
boşluq” deyilir.
Qanunda boşluq üç səbəbdən yaranır:
1) qanunvericiliyin hüquqi tənzimlənməsi
tələb olunan bütün ictimai münasibətləri əhatə edə bilməməsi;
2) hüquqi texnikanın çatışmazlığı nəticəsində;
3) ictimai münasibətlərin daima inkişaf
etməsi səbəbinə görə.
Bəs belə olan halda hakim işə nəyə əsasən
baxmalıdır? Axı qanunda normanın olmaması məhkəməni
həmin işə baxmaqdan azad etmir:
Mülki hüquq münasibətlərini tənzimləyən
hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə
baxmaqdan imtina etməsinə əsas verə bilməz. (AR MM m.11.5)
6-cısı, oxşar münasibətləri tənzimləyən
mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki
qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir. Buna da hüququn
analogiyası deyilir. Hüququn analogiyası qanunun analogiya üzrə tətbiq edilməsi
mümkün olmadıqda həyata keçirilir. Bu zaman iş hüququn prinsipləri əsasında həll
edilir.
- “Oxşar münasibətləri tənzimləyən mülki
hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik
prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası
tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.” (AR
MM m.11.2)
- “Konkret
ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə
həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik
normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu
zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş
hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən
istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və
mənəviyyat tələbləri nəzərə alınmalıdır.” (KQ m.13.4)
Mülki hüquq sahəsinə aid prinsiplər AR
MM`nin 6-cı maddəsində sadalanmışdır. Bunlar aşağıdakılardır:
1. mülki hüquq subyektlərinin bərabərliyi;
2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
3. mülki dövriyyə iştirakçılarının əmlak
müstəqilliyi;
4. mülkiyyətin toxunulmazlığı;
5. müqavilələr azadlığı;
6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının
yolverilməzliyi;
7. mülki hüquqların maneəsiz həyata
keçirilməsinə şərait yaradılması;
8. pozulmuş hüquqların bərpasının təmin
edilməsi;
9. mülki hüquqların məhkəmə müdafiəsi.
Analogiya vasitəsilə hüquq tətbiqedici
orqan boşluğu aradan qaldırmır, onu ancaq dəf edir. Boşluq ancaq səlahiyyətli
norma yaradıcı orqan tərəfindən aradan qaldırıla bilər.
3.
Qanun boşluğu və hüquq boşluğu ayırımı
Konkret ictimai münasibətlər
qanunvericiliklə birbaşa tənzimlənmədikdə və həmin münasibətlərə, əgər bu,
onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən
qanunvericilik normaları (qanunun analogiyası) da yoxdursa belə vəziyyətə
qanunda boşluq deyilir. Lakin qanun boşluğundan söz edə bilmək üçün
qanunvericiliklə birbaşa tənzimlənməmiş məsələ hüquq normaları ilə tənzimlənməsi
zəruri olan məsələ olmalıdır. Yoxsa adi məişət hadisələri qanunvericiliklə
birbaşa tənzimlənmir deyə qanun boşluğundan bəhs etmək doğru olmaz. Bundan
başqa qanun boşluğundan söz edə bilməmiz üçün bir məsələ qanunun sadəcə düzünə
yox, eyni zamanda əqsinə mənası baxımından da tənzimlənməmiş olmalıdır.
Məsələn, “Notarial forma tələb edən əqdlərin
bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.” (AR MM m.
362.2.)
Burada tənzimlənən məsələ etibarnamənin
formasıdır. Qanun mətninin düzünə mənası ilə notarial forma tələb edən əqdlərin
bağlanması üçün verilən etibarnamənin forması tənzimlənir. Ancaq bu o demək
deyil ki, notarial forma tələb etməyən əqdlərin bağlanması üçün verilən
etibarnamənin forması qanunda tənzimlənməmiş və qanunda boşluq vardır. Belə ki,
qanun mətninin əqsinə mənasına görə belə etibarnamələrin notariat qaydada tərtib
edilməsi tələb olunmur və bunlar ixtiyari formada ola bilər.
İctimai münasibətlər qanunvericiliklə
birbaşa tənzimlənmədikdə, həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə
zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları
(qanunun analogiyası) və tətbiq edilə bilən işgüzar adət də olmadıqda belə vəziyyətə
hüquqda boşluq deyilir.
4. Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında qərar
- “Qanunvericilikdə
boşluqları aşkar edən və hüquq tətbiq edən orqan konkret ictimai münasibətlərin
tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi normayaratma orqanına bu barədə
məlumat verməlidir.” (KQ m.15.1.)
- “Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.” (KQ m.15.2)
5. Hüququn
analogiyasından və ya qanunun analogiyasından
istifadə olunmasını istisna edən hallar (KQ m.16)
Aşağıdakı
hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna
bilməz: (KQ m.16)
1.
qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;
2.
normativ tənzimləmə zərurəti olmadıqda;
3.
normativ tənzimləmə qanunla qadağan olunduqda;
4.
normativ tənzimləmə mövcud olduqda.
Hiç yorum yok:
Yorum Gönder