11 Temmuz 2016 Pazartesi

Hüququn anlayışı və xarakterik əlamətləri.

Cəmiyyətdəki içtimai münasibətlərin tənzimlənməsində hüquqdan başqa, digər sosial hadisələr də (əxlaq, din və adət) iştirak edir. İçtimai münasibətlərin nizama salınmasında onla­rın müəyyən rolu vardır. İçtimai münasibətlərin əsas tənzimləyicisi olan hüququ əxlaqdan, dindən və adətdən necə fərqləndirmək olar? Hüquq onlardan öz xüsusi əlamətlərinə görə fərqlənir.
Birinci əlamət ondan ibarətdir ki, hüququn yaradıcısı dövlətdir, yəni hüquq mənbə baxımından digər sosial hadisələrdən fərqlənir. Belə ki, hüquq dövlət tərəfindən müəyyən edilir. Qanunlar, prezident fərmanları, hökumət qərarları vs. qəbul etməklə dövlət faktiki surətdə hüquq yaradır və müəyyən edir. Sosial hadisələrin digər növləri (din, əxlaq, adət vs.) isə dövlət tərəfindən müəyyən olunmur. Onların mənbəyi ya ilahi iradə (din), ya ictimai həyatda yaranmış inam və əqidə əsasında formalaşmış ictimai rəydir (əxlaq). Adətlərə gəldikdə isə onlar uzun müddət ərzində tətbiq edilmə və dəfələrlə təkrar olunma nəticəsində yaranırlar. Adətlərə riayət olunması əsasən vərdişə söykənir.
İkinci əlamət ondan ibarətdir ki, hüquq ilə məcburi davranış qaydaları müəyyən edilir. Yəni hüquq qaydalarının məcburedici xüsusiyyəti vardır. Bu qaydalar müəyyən dövlətin ərazisində yaşayan bütün əhali üçün məcburi xarakter daşıyır. Bütün əhalinin borcu və vəzifəsidir ki, onları yerinə yetirsin. Digər sosial hadisələr (din, əxlaq və adət) isə bütün ölkə əhalisi üçün məcburi olan davranış qaydaları müəyyən etmir.
Üçüncü əlamət ondan ibarətdir ki, hüquq dövlət tərəfindən qorunur, təmin edilir. Hüquq pozulduqda isə dövlət tərəfindən müdafiə edilir. Bu zaman dövlət aparatının məcburətmə qüvvəsi tətbiq olunur. Belə ki, hüququ pozan şəxslər səlahiyyətli dövlət orqanları tərəfindən hüquq məsuliyyətinə cəlb edilirlər. Bununla da dövlət hüququn məc­buri olmasını təmin edir. Din, əxlaq və adət normalarına gəldikdə isə qeyd etmək lazımdır ki, həmin normalar, bir çox hallarda, dövlət tərəfindən himayə olunmur, yəni onlara riayət olunması dövlətin məcburetmə mexanizmi ilə təmin olunmur. Onları pozanların məsuliyyəti hüquqi yox, - mənəvidir (“günahkar olma”, “ayıblanma,” “xor görülmə”, vs.). Məsələn, ahıllara və qocalara hörmət etmək əxlaq normasıdır. Avtobusda ahıl yaşında olan şəxsə gənc oğlan yer vermir. Bununla o, əxlaq normasını pozur. Lakin gənc oğlana dövlət tərəfindən hər hansı hüquqi məsuliyyət tədbiri tətbiq edilməyəcəkdir. O, mənəvi məsuliyyət daşıyır.
Dördüncü əlamət ondan ibarətdir ki, hüquq həmişə ümumi xarakter daşıyır. Yəni o bütün analoji hallara aid olur, dəfələrlə tətbiq olunmaq imkanını nəzərdə tutur. Hüquq qeyri-müəyyən sayda subyektlər dairəsinə yönəlir ki, onlar hüquq ilə tənzimlənən ictimai münasibətlərin iştirakçıları ola bilsinlər.
Beşinci əlamət ondan ibarətdir ki, hüquq sosial normaların digər növlərindən fərqli olaraq, rəsmi sənədlərdə ifadə olunur. Belə ki, rəsmi  sənədlər (qanunlar, prezident fərmanları, hökumət qərarları vs.) hüququn obyektiv və zahiri ifadə formalarıdır. Sosial hadisələrin digər növləri (din, əxlaq, adət vs.) isə rəsmi sənədlərdə ifadə olunmur.Bununla bərabər, hüquq, əxlaq, din və adət vahid olub, ümu­mi cəhətlərə malikdirlər. Belə ki, onların hamısı eyni məqsəd güdür və eyni vəzifələr daşıyırlar: içtimai həyatı qaydaya salmaq, içtimai münasibətləri tənzimləmək və cəmiyyətdə xaos və hərc-mərcliyin qarşısını almaq. Onların hamısının da nizamasalma obyekti eynidir ki, bu da ictimai münasibətlərdən ibarətdir.

Hiç yorum yok:

Yorum Gönder