Fəlsəfə - nəzəri dünyagörüşüdür. Fəlsəfi dünyagörüşü dünyaya və orada insanın
yerinə dair, insanın gerçəkliyə, təfəkkürün varlığa münasibətinə dair ən ümumi
nəzəri baxışlar sistemidir. Fəlsəfi dünyagörüşü ümumi dünyagörüşdən gerçəkliyə
yanaşma üsulu ilə, inlellektual problematikası ilə fərqlənir, daha çox
sistemli, nəzəri səciyyə daşıyır. Fəlsəfi dünyagörüşü öz sistemli baxışlarında
və nəzəri müddəalarında kortəbii-mifoloji və dini-ehkamçılıq təsəvvürlərindən
uzaqlaşır, fövqəltəbiiliyə istinadən təhlili çox hallarda qəbul etmir, dunya,
həyat və insan haqqında azad, tənqidi və əsaslandırılmış mühakimələrdən, elmi
həqiqətlərdən çıxış edir. Fəlsəfi
dünyagörüşü - idealist və ya materialist meylli olmasından asılı olmayaraq
həmişə insana, onun dünyaya münasibətinə əsaslanır. İnsan - fəlsəfi
dünyagörüşün məhək daşıdır. Dünya və insan, insanın dünyaya
münasibəti, insanın özünün mahiyyəti, insan və mənəviyyat, insan və ədalət,
insan və xeyirxahlıq, insan və bəşəri dəyərlər, insan və gözəllik, ictimai
tərəqqi, insan və i.a. fəlsəfi dünyagörüşün əzəli və əbədi problemləridir.
Elə bu mənada deyirlər ki, ən mütərəqqi fəlsəfə - insan fəlsəfəsidir. İnsan azadlığı bu fəlsəfənin qayəsidir. Fəlsəfi
dünyagörüşü bu mənada intellektual-idraki məzmun daşıdığı kimi, bəşəri
dəyərlərlə qovuşduğundan dərin mənəviyyat səciyyəsi də daşıyır. İnsan və dünya,
onların qarşılıqlı münasibəti ən böyük əzəli və əbədi fəlsəfi problemdir. Heç
təsadüfi deyildir ki, bütün fəlsəfi məktəb və cərəyanların mahiyyətində
«dünya-insan münasibətlərini» hansı mövqedən həll etməsi, insanın sosial-mənəvi
mövqeyini və i.a. necə izah etməsi məsələsi durur.
Fəlsəfənin bir elm
kimi əsas xüsusiyyətlərindən birini onun ictimai-tarixi xarakter daşıması təşkil edir. Digər ictimai
şüur formaları kimi fəlsəfi şüur da tarixən deyişkən ictimai varlığın
təsirindən formalaşır və tarixi proseslə şərtlənir. Hər bir mütəfəkkir,
yaşadığı tarixi şəraitin təsirindən çox çətin ki, xilas ola bilsin. Fəlsəfənin
ictimai-tarixi səciyyə daşıması da onun mövcud olduğu ictimai şəraiti əks
etdirməsindən ibarətdir.
Fəlsəfə öz mahiyyəti etibarilə həm
mədəniyyətin bütün sahələri ilə çulğaşmış, həm də onun tərəqqisinin
meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət hadisəsi olmaqla, həm də
onun «inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi», «əxlaq fəlsəfəsi»,
«din fəlsəfəsi», «texnika fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix fəlsəfəsi»,
«siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat fəlsəfəsi» və i.a. anlayışlar və
istiqamətlərlə fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün aspekt və
çalarlarını əhatə edir, onun nəzəri-metodoloji əsaslarını verir, maddi və
mənəvi mədəniyyət amili kimi çıxış edir. Fəlsəfənin predmetində duran
problemlərdən biri də fəlsəfənin
elmiliyi məsələsi, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar və
fərqli cəhətlərinin müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında
oxşarlıq ondadır ki:
a) hər ikisi obyektiv gerçəklik
qanunauyğunluqlarının insan şüurunda bu və ya başqa dərəcədə dolğun in`ikasıdır;
b) hər ikisi sivilizasiyanın ən böyük
nailiyyətidir;
v) hər ikisi gerçəkliyin dərk edilməsi
üçün insana qüdrətli silah verir;
q) hər ikisi ictimai funksiyanı yerinə
yetirərək cəmiyyətin maddi yə mənəvi dəyərlərinin (sərvətlərinin) inkişaf
etdirilməsi amili kimi çıxış edır və i.a.
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:
a) əgər fəlsəfə öz mahiyyəti etibarilə
insana ən başlıcası ümumiləşmiş dünyagörüşü verirsə, müxtəlif elm sahələri
insana konkret bilik verir;
b) xüsusi qanunları öyrənən konkret
elmlərdən (fizika, kimya, biologiya və s.) fərqli olaraq fəlsəfə təbiət, cəmiyyət
və təfəkkür inkişafının ən ümumi qanunlarını öyrənir;
c) fəlsəfə, ən geniş mənada bütün
dünyagörüşü növlərinin özəyini, nüvəsini təşkil etdiyi halda, ayrı-ayrı konkret
elmlər dünyanın təbii elmi mənzərəsini müəyyən edən konkret materiallar verir;
ç) fəlsəfə və elm ictimai şüurun
spesifık forması olmaq etibarilə də bir-birindən fərqlənirlər;
d) ictimai funksiyaları etibarilə də
fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsəfə cəmiyyətdə elmə nisbətən daha
səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır, fəlsəfə cəmiyyətdə qarşıya
çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir;
e) konkret bir elm sahəsində işləyən
mütəxəssis konkret hadisələri müəyyən edərkən dünya haqqında ümumi
təsəvvürlərə, dünyanın quruluşu, ümumi mənzərəsi və onun ən ümumi inkişaf
qanunauyğunluqları haqqında prinsip və baxışlara ehtiyac duyur. Bu ehtiyacı
məhz fəlsəfə ilə ödəyir və i.a.
Deməli, elmin ümumi
dünyagörüşü, metodoloji və nəzəri-idrakı əsaslandırılması məsələlərini fəlsəfə
öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyələnməklə metodologiyaya və dünyagörüşü
meylinə sahib olur.
Hiç yorum yok:
Yorum Gönder