11 Temmuz 2016 Pazartesi

Obyektiv mənada hüququn anlayışı və hüquqi aktların təsnifatı

1. Obyektiv mənada hüququn anlayışı
Hüquq mürəkkəb və çoxcəhətli anlayışlardan biri olub, müxtəlif mənalarda işlədilir. Bir qayda olaraq, “hüquq” dedikdə, hüquq normalarının məcmusu başa düşülür ki, buna da obyektiv mənada hüquq deyilir. Obyektiv mənada hüquqa “obyektiv hüquq” vəya “pozitiv hüquq” da deyilir. Obyektiv hüquq ona görə “obyektiv” adlanır ki, 1) hüquq normaları konkret bir hadisəyə bir dəfə tətbiq olunmaq üçün deyil, əksinə qüvvədə olduğu müddət ərzində baş verən bütün analoji hallara dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulur, 2) hüquq normaları konkret bir fərdə deyil, qeyri-müəyyən sayda fərdlərə şamil edilir, 3) bir çox hüquq normalarının tətbiqi fərdlərin iradəsindən asılı deyildir.        
Deməli, obyektiv mənada hüquq dedikdə, bir ölkə ərazisində qüvvədə olan bütün hüquq normaları başa düşülür. Hüquq normasının tərifindən də bildiyimiz kimi hüquq normaları rəsmi sənədlərdə əks olunur. Lakin dövlət orqanları hüquq norması müəyyən etməyən rəsmi sənədlər də qəbul edirlər. Bütün bu sənədlərə hüquqi aktlar deyilir.
2. Hüquqi aktların təsnifatı
Azərbaycan Respublikası Konstitusiyasının müəyyən etdiyi məsələlərdən biri qanunvericilik sistemi, normativ-hüquqi aktlar, hüquq və qanun məsələləridir. Konstitusiyanın V bölməsində ifadə olunan normalar məhz bu məsələlərə həsr edilmişdir.
Hüquqi aktların təsnifatı Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 1.0.4-cü maddəsində verilmişdir. Buna görə hüquqi aktlar a) normativ hüquqi aktlar, b) qeyri-normativ hüquqi aktlar və c) normativ xarakterli aktlar adlanan növlərə bölünürlər. Burada “hüquqi akt” termini “obyektiv hüquq” terminindən daha geniş mənada işlədilmişdir. Yəni sadəcə hüquq normalarının əks olunduğu rəsmi sənədlər deyil, həm də hüquq normasını əks etdirməyən digər rəsmi sənədlər (qeyri-normativ hüquqi aktlar və normativ xarakterli aktlar) də nəzərdə tutulmuşdur. Belə ki, birincidən fərqli olaraq, ikinci və üçüncü növ hüquqi aktlarda hüquq normaları müəyyən edilmir.       
3. Qanunvericilik sistemimiz və hüquqi aktların təsnifatı
Ümumi olaraq hüquqi aktların təsnifatını bu şəkildə göstərmək olar:
A. Normativ hüquqi aktlar:
1- Konstitusiya
2- Referendumla qəbul olunan aktlar
3- Beynəlxalq müqavilələr
4- Qanunlar
5- Fərmanlar
6- Nazirlər Kabinetinin qərarları
7- Mərkəzi İcra Hakimiyyəti orqanlarının normativ aktları

B. Qeyri-normativ hüquqi aktlar:
Bunlar 1 dəfəyə məxsus olaraq tətbiq olunma halları ilə bağlı hüquqi aktlardır və aşağıdakılar bu növə aid hüquqi aktlardır:
1- Milli Məclisin qərarları
2- Prezidentin sərəncamları
3- Nazirlə Kabinetinin sərəncamları
4- VVADQ (vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı) orqanlarının aktları və s.

C. Normativ Xarakterli aktlar:
Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənədlərdir.
1- Konstitusiya Məhkəməsi qərarları
2- Mərkəzi Seçki Komissiyasının qərar, təlimat və izahları
3- Mərkəzi Bankın qərarları
4- Məhkəmə Hüquq Şurasının qərarları
5- Milli TV və Radio Şurasının qərarları
6- Yerli Özünüidarə və yerli icra hakimiyyəti orqanlarının qərarları

3.1. Normativ hüquqi akt anlayışı
Normativ hüquqi aktların tərifi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda belə verilmişdir:
Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. (m. 1.0.1.)
Normativ hüquqi aktlar hüququn əsas və mühüm yazılı mənbə növü hesab edilir. Onlar hüququn mənbəyinin təkmilləşdirilmiş növü olub, hüquqi tənzimləmənin dəqiq olmasını təmin edir.
3.2. Qanunvericilik sistemimizə daxil olan normativ hüquqi aktlar
Normativ-hüquqi aktlar bir-biri ilə xaotik və nizamsız halda birləşməmişdir. Onlar müəyyən sistem halında yerləşir. Söhbət normativ-hüquqi aktların müəyyən ardıcıllıqla vahid şaquli xətt üzrə birləşməsindən gedir. Ardıcıllıq normativ-hüquqi aktın qüvvəsi ilə müəyyən edilir. Normativ-hüquqi aktların bu cür sistematik düzlənməsi qanunvericilik sistemini yaradır.
Qanunvericilik sistemi dedikdə, normativ-hüquqi aktların, onların malik olduğu hüquqi qüvvəsindən asılı olaraq vahid şaquli xətt üzrə müəyyən ardıcıllıqla düzlənməsi və yerləşməsi başa düşülür.
Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
3.2.1. Konstitusiya
Konstitusiya ictimai və dövlət quruluşunun əsasını və qanunvericilik sisteminin normativ bazasını təşkil edir.
I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. (AR K m.147.)
Bu maddənin I və II hissələrinin başlıca təyinatı digər normativ-hüquqi aktlar sırasında Konstitusiyanın aparıcı mövqeyini müəyyənləşdirməkdən, habelə dövlət hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən qəbul edilən hüquqi aktlarla onların qarşılıqlı əlaqəsini təsbit etməkdən ibarətdir. Konstitusiyanın “yüksək hüquqi qüvvəyə malikdir” müddəası onun ölkə ərazisində qüvvədə olan digər normativ-hüquqi aktlardan üstünlüyünü təsdiq edir. Məhz bu üstün mövqeyi ilə qanunların və qanunqüvvəli aktların Konstitusiyaya zidd olmaması müəyyən edilir.
Konstitusiyanın yüksək hüquqi qüvvəsini şərtləndirən əsas amillərdən biri də ona dəyişikliklərin və əlavələrin edilməsinin xüsusi qaydalarının müəyyən olunmasıdır.
Azərbaycan  Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası
“Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.” (ARK m.152)
Konstitusiyaya referendum yolu ilə dəyişikliklərin edilməsi müddəası Konstitusiyanın özünün qəbul edilməsi qaydasından irəli gəlir. Belə ki, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının 15-ci maddəsində deyilir: «Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə qəbul edilir».
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası
“Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişillikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.” (ARK m.153)
Bu təklif Milli Məclis tərəfindən irəli sürülərsə Məclis tərəfindən ən az 63 səs çoxluğu ilə qərar qəbul edilməlidir.
Konstitusiyanın daxili quruluşunun və uyğunluğunun təmin olunması məqsədilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ilkin konstitusiya nəzarəti qaydasında Konstitusiyaya dəyişikliklərin edilməsi barədə qanun layihələri haqqında, onlar referenduma çıxarılmamışdan əvvəl öz rəyini verir.
Konstitusiya Məhkəməsinin rəyi tövsiyəedici xarakter daşıyır. Maddədə hüquqi vəzifə olaraq Konstitusiya Məhkəməsinin rəyi­nin alınması təsbit edilmiş, belə bir rəyin Konstitusiya Məhkəməsi tərəfindən verilməsi isə bir vəzifə olaraq qanunla Konstitusiya Məhkəməsinin üzərinə qoyulmuşdur. Belə ki, eyni norma «Konstitusiya Məhkəməsi haqqında» 2003-cü il 23 dekabr tarixli Azərbaycan Respublikası qanununun 61-ci maddəsində də öz əksini tapmışdır.
Həmin maddəyə görə, Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti Azərbay­can Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təklif verərlərsə, təklif olunmuş dəyişikliklərin mətni ilə bağlı məsələ Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək Konstitusiya Məhkəməsinin iclasına çıxarılmalıdır.
Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azər­baycan Respublikası Konstitusiyasının prinsiplərinə uyğun olması və ya olmaması haqqında əsaslandırılmış rəy qəbul etməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın 1-ci (Hakimiyyətin mənbəyi), 2-ci (Xalqın suverenliyi), 6-cı (Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi), 7-ci (Azərbaycan dövləti), 8-ci (Azərbaycan dövlətinin başçısı) və 21-ci (Dövlət dili) maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. (ARK m.155)

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası (ARK m.156)

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.
III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.
V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir.

Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü (m.157)

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması (m.158)

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla (I. Xalq Hakimiyyəti və II. Dövlətin Əsasları) əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.
3.2.2. Referendumla qəbul edilmiş aktlar
Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Yalnız referendumla həll oluna bilən məsələlər AR K-da verilmişdir:
Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi (AR K. m.3.II)
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi (AR K. m.3.II)
Referendumun təyin edilməsinə dair qərar Milli Məclisdə 63 səs çoxluğu ilə qəbul edilir. (AR K. m.95.II)
Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. (AR K. m.149.II)
3.2.3. Qanunlar
Qanunvericilik sistemində qanunlar qanunqüvvəli aktlardan bir-neçə cəhətlərinə görə fərqlənir və onlardan üstün hüquqi qüvvəyə malikdirlər:
Birincisi, qanunları qanunqüvvəli aktlardan fərqləndirən əsas cəhət qanunun qəbul edilməsinin AR Milli Məclisinin müstəsna səlahiyyətinə aid olmasıdır. Bu mühüm funksiyanın yalnız AR Milli Məclisinin səlahiyyətinə aid edilməsi hüquqyaratma prosesinin sabitləşdirilməsi və qanunçuluğun möhkəmləndirilməsi zərurətindən irəli gəlir.
İkincisi, qanunun yüksək hüquqi qüvvəyə malik olması o deməkdir ki, qanun yalnız qanunvericilik qaydasında və ancaq onu qəbul etmiş orqan tərəfindən ləğv oluna bilər.
Üçüncüsü, qanun mühüm ictimai münasibətləri nizama salır.
Qanun dedikdə, xüsusi qaydada qəbul edilən, yüksək hüquqi qüvvəyə malik olan, ictimai və dövlət həyatının ən mühüm məsələlərini tənzimləyən normativ-hüquqi aktlar başa düşülür.
Qanunlar adi (cari) və Konstitusiya qanunları olmaqla iki yerə bölünürlər. Konstitusiya qanunları bir qayda olaraq Konstitusiya mətninə əlavələrin daxil edilməsi məqsədilə qəbul olunurlar.  
Azərbaycan Respublikasının Milli Məclisi bir çox məsələlərə dair ümumi qaydalar (hüquq normaları) müəyyən edir. Bunlardan, Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Milli Məclisə seçkilər və deputatların statusu və referenduma dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. (AR K m.94.II)
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə bir çox məsələlərin həlli aiddir. Bunlardan, Milli Məclisin işinin təşkili, Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərimizin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarətə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir. (AR K m.95.II)
Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir. (AR K m.97.I)
Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir. (AR K m. 97.II)
Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. (AR K m.111. I)
Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. (AR K m. 156.I)
Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. (AR K m. 156.V)
Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. (AR K m.111. II)
Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.  (AR K m. 98)
Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. (AR K m.149.III)
3.2.4. Fərmanlar
Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. (AR K m.113.I)
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. (AR K m.113.II)
Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. (AR K m.149.IV)
Bəzi fərmanlar (hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə dair) Milli Məclisdə 63 səs çoxluğu ilə təsdiq edilir. (AR K m.95.I.8, II, 111, 112) 
3.2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. (AR K m.120.I)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. (AR K m.120.II)
Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. (AR K m.149.V)
3.2.6. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. (AR K m.149.VI)
3.2.7. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi
Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. (AR K. m.148.III)
Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. (AR K. m.148.IV)
4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. (AR K. m.148.II)
Söhbət Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş beynəlxalq müqavilələrdən gedir. Yalnız bundan sonra beynəlxalq müqavilələr hüquqi qüvvəyə malik olur və Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkibinə daxil edilir.
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. (AR K. m.151)
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır.
Texniki yardım və qrant alınmasına, həmçinin dövlət zəmanəti ilə alınan kreditlərə dair beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər hallarda Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti bütün beynəlxalq müqavilələr barəsində, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələr barəsində danışıqlar aparmaq və onları imzalamaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının Prezidenti beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.
Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir. (bax: AR K m.95.I.4, m.94.I.22)
Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və 63 səs çoxluğu ilə müvafiq qanun qəbul edir.
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
Ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidentinin təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir.
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti ləğv edir.
5. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi. Qanunvericilik piramidası
Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri, 134-cü maddəsinin IV, V hissələri və 151-ci maddəsi, eləcə də Normativ hüquqi aktlar haqqında 21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 2-ci maddəsi ilə müəyyən edilir.
6. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktlar haqqında 21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 3-cü maddəsi ilə müəyyən edilir:
3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;
3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları;
3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.
7. Normativ xarakterli aktlar
Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktlar haqqında 21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 4-cü maddəsi ilə müəyyən edilir:
4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
4.1.3. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5. Milli Televiziya və Radio Şurasının qərarları;
4.1.6. yerli özünüidarə orqanlarının qərarları;
4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.
Normativ xarakterli aktlar haqqında Konstitusiyada da bəzi müddəalar vardır:
Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. (AR K. m.148.V)
Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. (AR K. m.150.I)
Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. (AR K. m.150.II)

8. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətlərinin hüquqi əsası

Normativ-hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir.
Normativ-hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və özündən daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır.
9. AR Konstitusiya Məhkəməsi

9.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı və əsas məqsədləri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - "Konstitusiya Məhkəməsi") Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

9.2 Konstitusiya Məhkəməsinin səlahiyyətləri

Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 101-ci maddəsinin V hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III – VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir. Konstitusiyanın 130-cu maddəsinə əsasən:
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
9.3. Konstitusiya Məhkəməsi qərarlarının hüquqi qüvvəsi (m. 66)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının və  digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir  ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. (AR CPM m.10.3)
Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.
10. Normativ hüquqi aktların kolliziyası
10.1. Kolliziya anlayışı
Normativ hüquqi aktların kolliziyası dedikdə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) başa düşülür. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları həmin qanunun 10-cu maddəsi ilə tənzimlənmişdir. Buna görə,
1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən normativ hüquqi aktların hüquqi qüvvəsi nəzərə alınır.
2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.
4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.
7. Dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyildirlər.
8. Naxçıvan Muxtar Respublikasında normativ hüquqi aktların kolliziyası həll edilərkən normativ hüquqi aktların hüquqi qüvvəsi nəzərə alınır.
10.2. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları
Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları qanunun 12-ci maddəsi ilə tənzimlənmişdir. Buna görə,
1. Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir.
2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə aşağıdakı tədbirlər görülməlidir.
1. normativ hüquqi aktın ləğv edilməsi;
2. normativ hüquqi aktda dəyişikliklər edilməsi;

3. normativ hüquqi aktların məcəllələşdirilməsi.

Hiç yorum yok:

Yorum Gönder