11 Temmuz 2016 Pazartesi

Christopher Johnson McCandless ( film: Into the Wild)



Kristofer Makkendles 1968-ci ilin 12 fevral tarixində ABŞ-ın Kaliforniya ştatında yerləşən El Saqundo şəhərində anadan olmuşdur. Varlı ailənin üzvü olan Makkendles Emori Universitetini bitirir. Hər zaman dünyanı gəzmək fikirində olan Kristofer Makkendles 24 yaşında olarkən bu fikrini gercəkləşdirmək qərarına gəlir. Əvvəlcə əlində olan 24 min dolları xeyriyyə cəmiyyətlərindən birinə bağışlayır. Bu addımdan sonra Makkendles ailəsinə və dostlarına xəbər vermədən, ABŞsəyahətinə başlayır. Qanunsuz yolla Meksika ərazisinə daxil olur, burada bir müddət qaldıqdan sonra yenidən ABŞ-a qayıdır. Kristofer Makkendlesin əsas görmək istədiyi yer Alyaska ştatı idi. O, Alyaskada tərk edilmiş 142 nömrəli bir avtobus tapır. Avtobus tərk edilmiş vəziyyətdə olsada, icində özünə rahat şərait yaradır. 142 nömrəli avtobusun icərsində özünə yataq və soba düzəldir. Yanında gətirdiyi qida ehtiyatı tükəndikdən sonra, Makkendles bitkilər və siçanlar vasitəsi ilə qidalanmağa başlayır. Bir neçə dəfə ov etməyə cəhd göstərsədə, cəmi bir dəfə maral ovlaya bilir. Maralın da ətini düzgün şəkildə saxlaya bilmədiyindən, həmin ətin kiçik bir hissəsini istifadə etməli olur. Kristofer Makkendles soyuqAlyaska çöllərində 142 nömrəli avtobusda qaldığı hər bir gecə haqqında öz şəxsi günlüyündə yazmışdır. 4 ay müddətində 142 saylı avtobusda qaldıqdan sonra geri qayıtmaq qərarına gəlir.

Piyada gəldiyi yolların çaylar tərəfindən yuyulması onun burada daha bir ay qalmasına səbəb olur. Kristofer Makkendles 4 ay rahat şəkildə yaşadığı Alyaska çöllərində bir ayda yaşamağı ciddi problem hesab etmirdi. Geri dönməsinə az bir müddət qalmış, tanımadığı bir pomidor növünü yeyir və zəhərlənir. Kristofer Makkendlesin 142 nömrəli avtobusda 1992-ci ilin 18 avqust tarixində öldüyü ehtimal olunur. 112 günlük Alyaska macərasının ölümlə bitməsinin yeganə səbəbi zəhərli eskimos pomidorundan yeməsi olmuşdur. Ömrünün son günlərində yatağa düşən Makkenles Alyaskadayaşadığı bir çox təcrübəni öz günlüyündə yazmışdır. Cəsədi ölümündən 18 gün sonra ovçular tərəfindən tapılır. Kristofer Makkendlesin cənazəsi yandırılaraq bacısı tərəfindən Alyaska səmasına səpilir. Kristofer Makkendles polis tərəfindən axtarıldığını ehtimal edərək, rastlaşdığı insanlara özünü Aleksandr Supertram kimi təqdim etmişdir. 1996-cı ildə Con Kraukerin Vəhşi təbiətin içərsində adlı kitabı nəşr olunmuşdur. Kitabda Kristofer Makkendlesin əsasənAlyaskada başına gələn real hadisələr təsvir edilir. Kitabın uğur qazanmasından sonra eyni adlı filimin çəkilişləri barəsində razılıq əldə olunur. Vəhşi təbiətin içərisində 2007-ci ildə çəkilmişdir. Filmi məşhur Amerikalı aktyor və kinorejissor Şon Penn ekranlaşdırmışdır. İstər kitabın yazılmasında, istərsədə filimin çəkilməsində Makkendlesin günlüyündən istifadə olunmuşdur.



Kristofer Makkendlesin 5 ay içərisində yaşadığı Fairbanks 142 saylı xətt avtobusu.

QANUNVERİCİLİK AKTLARININ HÜQUQİ QÜVVƏSİ.

Qanunvericilik aktlarının hüquqi qüvvəsi dedikdə, bu aktların müəyyən zaman ərzində, müəyyən ərazi hüdudlarında, müəyyən subyektlər dairəsinin iştirak etdiyi münasibətləri tənzimləməsi başa düşülür. 
1. QANUNVERİCİLİK AKTLARININ ZAMANA GÖRƏ QÜVVƏSİ
Qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar və sistemin ayrılmaz tərkib hissəsi olan beynəlxalq müqavilələr, bir qayda olaraq yalnız qüvvədə olduqları dövr ərzində baş verən hadisə və hərəkətlərə tətbiq olunurlar. Bütün hadisə və hərəkətlər, bağlanan müqavilə və əqdlər, törədilən cinayət və inzibati xətalar baş verdikləri an qüvvədə olan normativ hüquqi aktlara əsasən hüquqi nəticələrə səbəb olurlar. Həmin aktlar isə müəyyən zaman kəsiyində qüvvədə olurlar.
Zaman kəsiyi dedikdə, qanunvericilik aktının qüvvəyə mindiyi andan qüvvədən düşənədək olan müddət anlaşılır. Bu baxımdan bu iki anlayışın, yəni qanunvericilik aktının qüvvəyə minməsi və qüvvədən düşməsi anlayışlarının düzgün müəyyənləşdirilməsinin böyük elmi və praktiki əhəmiyyəti vardır.
Bu məsələlərin əsas müddəaları Konstitusiyanın 149-cu maddəsində, bütün təfərrüatı ilə tənzimlənməsi isə “Normativ-hüquqi aktlar haqqında” 21.12.2010-cu il tarixli Konstitusiya Qanununda nəzərdə tutulmuşdur. Konstitusiyada birmənalı şəkildə nəzərdə tutulmuşdur ki, referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə qüvvəyə minirlər. Konstitusiya Qanununa görə; - “Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları isə həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.” (m.85.1.)
 Bu aktların dərc olunduğu rəsmi nəşrlər isə əsasən bunlardır: “Azərbaycan” qəzeti, “Azərbaycan Respublikasının qanunvericilik toplusu”, “Respublika” qəzeti, “Azərbaycan Respublikasının normativ aktlarının bülleteni”vs. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər.
Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilməlidir.
Qanunvericilik aktları, bir qayda olaraq yalnız qüvvədə olduqları dövr ərzində baş verən hadisə və hərəkətlərə tətbiq olunurlar. Lakin qayda bu olmaqla yanaşı, qanunvericilikdə normativ hüquqi aktların qüvvəyə minməsindən əvvəl baş vermiş münasibətlərə şamil ediləcəyi də müstəsna hal kimi nəzərdə tutulmuşdur. “Normativ-hüquqi aktlar haqqında” KQ`nun 87-ci maddəsində bu məsələ ilə bağlı olaraq AR K`na istinad edilmişdir; - “Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.” (m.87.1)
AR K`da isə normativ hüquqi aktların geriyə qüvvəsi aşağıdakı kimi tənzimlənmişdir; - “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” (m.149.VII)
Konstitusiya Qanununda da buna bənzər müddəa vardır; - “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.” (m.87.2)
- “Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.” (m.87.3)
Ayrı-ayrı məcəllələrdə də normativ hüquqi aktların geriyə qüvvəsi ilə əlaqədar maddələr də vardır.
1.1. MÜLKİ QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Mülki Məcəlləyə görə bütün qanunvericilik aktları kimi mülki qanunvericilik də Konstitusiyada nəzərdə tutulmuş müstəsna hallar xaric, bir qayda olaraq yalnız qüvvədə olduqları dövrə tətbiq edilirlər; - “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.” (AR MM m.7.1)
Məsələn, Mülki Məcəllənin 1159.4-cü və 1159.5-ci maddələrinə əsasən, keçmiş mülki qanunvericiliyə əsasən ölənin, vərəsəsi sayılmayan bir sıra şəxslər – onun xalaları, bibillri, dayıları, əmiləri və onların uşaqları qanun üzrə vərəsələr sırasına daxil edilmişlər. Nə qədər ki, yeni qanun sadalanan şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırır, onun qüvvəsi geriyə şamil edilməlidir. Bu maddədə nəzərdə tutulmuş şəxslər yeni Məcəllə qəbul olunanadək açılmış vərəsəliyə, vərəsəliyin qəbulu və növbəlilik qaydalarına riayət etməklə iddia etmək hüququ əldə etmişlər.
- “Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.” (AR MM m.7.3)
Məsələn, Mərkəzi Bank tərəfindən normativ xarakterli akt olan bir təlimatda dəbbə pulunun dərəcəsi daha yüksək səviyyədə müəyyən edilir. Həmin təlimat daha əvvəl bağlanmış kredit müqavilələrindən irəli gələn mülki-hüquq münasibətlərinə şamil edilməz. Çünki, bu borclunun hüquqi vəziyyətini ağırlaşdırır.
1.2. CİNAYƏT QANUNVERİCİLİYİNİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Cinayət Məcəlləsinə görə bütün qanunvericilik aktları kimi cinayət qanunvericiliyi də Konstitusiyada nəzərdə tutulmuş müstəsna hallar xaric, bir qayda olaraq yalnız qüvvədə olduqları dövrə tətbiq edilirlər; - “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.” (AR CM m.10.1)
- “İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.” (AR CM m.10.2)
- “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır.” (AR CM m.10.3)
- “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.” (AR CM m.10.4)
1.3. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. (AR MPM m.3.1)
1.4. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. (AR CPM m.4.1)
2. QANUNVERİCİLİK AKTLARININ MƏKANA GÖRƏ QÜVVƏSİ
Qanunvericilik aktları müəyyən zaman ərzində ancaq müəyyən məkan dairəsində tətbiq edilir ki, buna qanunvericiliyin məkana görə qüvvəsi deyilir. Qanunvericilik aktlarının məkana görə qüvvəsi territoriallıqeksterritoriallıq prinsipləri nəzərə alınaraq müəyyən edilir. Territoriallıq prinsipi hər bir qanunvericilik aktının onu qəbul etmiş dövlət orqanın yurisdiksiyasının siyasi və ya inzibati hüdudları daxilində qüvvədə olmasını ifadə edir. Eksterritoriallıq prinsipi isə normativ aktın onu qəbul etmiş orqanın yurisdiksiyasının hüdudları xaricində də tətbiq olmasını ifadə edir.
Qüvvədən düşmüş keçmiş Normativ-hüquqi aktlar haqqında qanunun 45.1-ci maddəsində deyilirdi ki, - “Normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati ərazi vahidinin ərazisində qüvvədə olur.” Hal-hazırki qanuna görə isə; - “Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.”
Bəs “Azərbaycan Respublikasının bütün ərazisi” dedikdə nə başa düşülür? Respublikanın ərazisi məsələləri Konstitusiyanın 11-ci maddəsinə nəzərdə tutulmuşdur; - “Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.” (ARK m.11. II)
Deməli, territoriallıq prinsipinə əsasən AR qanunları, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları bütün ölkə torpaqlarında (territoriya), daxili sularda və Xəzərin Azərbaycan sektorunda (akvatoriya) və bunlar üzərindəki hava təbəqəsində qüvvədə olur.
Lakin bununla yanaşı respublikanın müxtəlif bölgələrində qüvvədə olan qanunvericilik aktları da qəbul edilə bilər. Bundan başqa müəyyən ərazi vahidinin səlahiyyətli orqanları da ancaq öz ərazilərində qüvvədə olan aktlar qəbul edə bilərlər. Naxçıvan Muxtar Respublikası öz səlahiyyətləri dairəsində qanunlar qəbul edə bilər ki, bu aktlar ancaq muxtar respublikanın ərazisində qüvvədə olur.
2.1. TERRİTORİALLIQ PRİNSİPİNƏ ƏSASƏN
2.1.1. MÜLKİ QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Mülki qanunvericilik Azərbaycan Respublikasının istisnasız olaraq bütün ərazisində qüvvədədir.” (AR MM m.8.1.)
2.1.2. CİNAYƏT QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir...” (AR CM m.11.1.)
“Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.” (AR CM m.11.2.)
2.1.3. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.” (AR MPM m.3.2.)
2.1.4. CİNAYƏT PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
- “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.” (AR CPM m.3.1). Bu istisnalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş ola bilər; 
- “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin məkana görə qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər.” (AR CPM m.3.3)
- “Xarici dövlətin cinayət-prosessual qanunvericiliyinin normalarının Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda və Azərbaycan Respublikası cinayәt-prosessual qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmadıqda yol verilir.” (AR CPM m.3.4)
2.2. EKSTERRİTORİALLIQ PRİNSİPİNƏ ƏSASƏN
2.2.1. CİNAYƏT QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.” (AR CM m. 11.4.)
“Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. (AR CM m. 11.3.)
Cinayət Məcəllənin 12-ci maddəsinə görə xaricdə törədilən cinayətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Hadisənin xaricdə, yəni Milli Məclisin yurisdiksiyasının siyasi və inzibati hüdudları xaricində baş verməsinə baxmayaraq AR CM-nin tətbiq edilməsi (eksterritoriallıq) nəzərdə tutulur. Bu məsuliyyət cinayətin subyektləri və əməlin növü baxımından 3 qrupa bölünmüşdür;
1-cisi cinayətkar baxımından: “Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.” (AR m. 12.1.)
2-cisi zərərçəkmiş baxımından: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.” (AR m. 12.2.)
3-cüsü əməlin növü baxımından: “Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.” (AR m. 12.3.)
2.2.2. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu limanlarda tətbiq olunur. (AR MPM m.3.3)
2.2.3. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikasının bayrağı altında olan və ya onun tanınma nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz, çay və ya hava gəmilərində də tətbiq olunur. (AR CPM m.3.2)
Beləcə, normativ-hüquqi akt (Cinayət Məcəlləsi), onu qəbul etmiş dövlət orqanının (Milli Məclis) yurisdiksiyasının hüdudları (ölkə ərazisi) xaricində törədilən əməllərə tətbiq edilmiş olur.   
2.2.4. MÜLKİ QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ
Dövlətlər beynəlxalq xüsusi hüquq normaları və beynəlxalq müqavilələrlə müxtəlif sahələrdə müəyyən ölçüdə eksterritoriallıq prinsipini qarşılıqlı olaraq qəbul edirlər. Beləcə, xarici elementli mülki hüquqi münasibətlərinə tətbiq olunacaq xarici hüquq normaları müəyyən edilir.
Xarici dövlətlərin qanunvericilik bazasına daxil olan normativ hüquqi aktların respublika ərazisində qüvvəsi AR Beynəlxalq xüsusi hüquq haqqında qanunla müəyyən edilir. Belə ki, bu qanunumuz xarici elementli mülki-hüquq münasibətlərinə hansı dövlətin maddi hüquq normalarının tətbiq ediləcəyi müəyyən edir. Məsələn;
“Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.” (m.10.1.)
“Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir...” (m. 17.1..)
“Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır.” (m.17.2.)
“Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə hüququ olan əqdin forması həmin torpağın yerləşdiyi ölkənin imperativ hüquq normaları ilə müəyyən edilir,...” (m. 17.3.)
“Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur....” (m. 17.3.)
“20.1. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.”
3. QANUNVERİCİLİK AKTLARININ SUBYEKTLƏRƏ GÖRƏ QÜVVƏSİ
Ümumi prinsip olaraq, qanunvericilik aktları bütün ölkə ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Lakin qanunda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri münasibətlərə başqa qaydalar nəzərdə tutula bilər. Yəni, qanunvericilik aktlarının qüvvəsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir. (keçmiş Normativ hüquqi aktlar hq. ARQ m.45.2 / 22.11.1999 №761-İQ)
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. (indiki Normativ hüquqi aktlar hq. KQ m.88.2 / 21.12.2010)
3.1. MÜLKİ QANUNVERİCİLİYİN ŞƏXSLƏRƏ GÖRƏ QÜVVƏSİ
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Belə ki, Mülki Məcəllənin 9-cu maddəsinə görə; - “Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur.” (AR MM m.9)
Prinsip olaraq, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Lakin maddədə göstərildiyi kimi qanunda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri münasibətlərə başqa qaydalar nəzərdə tutula bilər. Məsələn,
“Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli 926-İQ saylı Qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
“Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli qanunun 4-cü maddəsinə əsasən “Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.”
Lakin elə hallar ola bilər ki, mülki qanunvericilik aktı ayrı-ayrı kateqoriyadan olan və ya ayrı-ayrı ərazilərdə yaşayan fiziki və hüquqi şəxslərə görə qüvvədə olsun. Məsələn, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” 10 yanvar 1995-ci il tarixli Əsasnamə yalnız hərbi qulluqçulara görə qüvvədədir.

Beləliklə, qanunvericilik aktları bütün respublika ərazisində və ya müəyyən bölgəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, eləcə də müəyyən kateqoriya (dövlət qulluqçuları, hərbçilər, tələbələr, məhbuslar vs.) üçün qüvvədə ola bilər ki, buna normativ-hüquqi aktların şəxslərə görə qüvvəsi deyilir.     

Hüququn tətbiqi. Qanunda və hüquqda boşluq. Qanunun və hüququn analogiya üzrə tətbiqi.

1. Hüququn tətbiqi və qanunun analogiyası
Hüquq münasibətləri və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Bir çox ictimai münasibətləri hüquq normaları ilə yanaşı digər ictimai davranış normaları (əsasən işgüzar adətlər) da nizama salır. Bundan başqa, subyektlər də bir çox məsələləri aralarında bağlanan müqavilə ilə razılaşdırmış olurlar.   
Mülki hüquq münasibəti və ondan irəli gələn mübahisəyə baxan dövlət orqanı (məhkəmə və ya inzibati orqan) mövcud ictimai davranış normaları və bağlanmış müqavilələri, eləcə də işgüzar adətləri tətbiq edərkən hansı ardıcıllığa riayət etməlidir?  
Ümumiyyətlə, qanunvericilik sistemində hüquq münasibətini birbaşa tənzimləyən hüquq norması varsa öncəliklə həmin hüquq norması tətbiq edilir. Belə ki, hüquq norması ilə tənzimlənən bir məsələyə (hüquq münasibəti) digər ictimai davranış normaları tətbiq edilmir. Onlar yalnız qanunun susduğu məsələlərdə tətbiq oluna bilərlər. Normativ hüquqi aktlar haqqında KQ`nun 13.1-ci maddəsinə görə də “Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.”
 Bəs mövcud qanunvericilik normaları tətbiq edərkən hansı ardıcıllığa riayət etməlidir? Bu suala AR MM`nin  11.1-ci maddəsi cavab verir. Belə ki,
“Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).”
Buradan gördüyümüz kimi mülki hüquq münasibətlərinə ilk öncə onları birbaşa tənzimləyən qanunvericilik aktları tətbiq edilir. Lakin hüquq normalarının özləri də tənzimetmə metoduna görə imperativ və dispozitivdir. İmperativ hüquq normaları qəti və əmredici olub, tərəflərə alternativ davranma imkanı tanımır. Məsələn,
“Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun.” (AR MM m. 677.4.) (imperativ hüquq norması)
Bu baxımdan, mübahisə mənbəyi olan mülki-hüquq münasibətini tənzimləyən imperativ (1) hüquq norması varsa hakim öncə bu normanı tətbiq edir. Belə ki,  
“Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.” (AR MM m. 390.2.)
2-cisi, əgər qanunvericilikdə mülki-hüquq münasibətini tənzimləyən imperativ hüquq norması yoxdursa, tərəflər arasında bağlanmış müqavilə  əsas götürülür: (bax. AR MM m.11.1)
3-cüsü, mülki hüquq münasibəti tərəflərin razılaşması ilə də tənzimlənmədikdə dispozitiv hüquq normaları tətbiq olunur. Bu zaman dispozitiv hüquq normaları tərəflərin müqavilə ilə ifadə edilməmiş iradələrini tamamlayır:
Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (AR MM m.390.7)
Belə ki, dispozitiv hüquq normaları tərəflərə qanun çərçivəsində iradə sərbəstliyi və müqavilə azadlığı tanıyan hüquq normaları olub, tərəflərin müqavilədə tam və ya aydın ifadə edilməyən iradələrini şərh edirlər. Beləcə, müqavilə mətninə əsaslanan hakim tərəf iradələrini aydınlaşdırmaq üçün tamamlayıcı və şərhedici mülki-hüquq normalarından istifadə edir.
Məsələn,
“Faizlərin hesablanmağa başlandığı gün göstərilmədikdə onlar vekselin tərtib edildiyi gündən hesablanmalıdır.” (tamamlayıcı dispozitiv)
“Əgər ödəniş müddəti ayın əvvəlinə, ortasına və ya axırına təyin edilmişdirsə, bu ifadələr ayın birinci, on beşinci və ya sonuncu gününü bildirir.” (şərhedici dispozitiv)
Yuxarıdakı hüquq normaları dispozitiv olub, “faizlərin hesablanmağa başlandığı gün göstərilmədikdə” ifadəsi ilə tərəflərə faizlərin hesablanma gününü təyin etmə nöqtəsində iradə sərbəstliyi tanımış, “təyin edilmişdirsə, bu ifadələr...........sonuncu gününü bildirir” ifadəsi isə tərəflərin tam və ya aydın olmayan iradələrini şərh edərək tamamlayır.
4-cüsü, mülki hüquq münasibəti dispozitiv hüquq normaları ilə də tənzimlənmirsə, işə tətbiq edilə bilən işgüzar adətlər tətbiq edir. (bax. AR MM m.11.1). Eyni müddəa Normativ hüquqi aktlar haqqında KQ`nun 13.3-cü maddəsində də nəzərdə tutulmuşdur: “Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.”
Bu ardıcıllığa qanunvericiliyin müxtəlif müddəalarında da rastlaya bilərik. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığın tələb etdiyi tərzdə, yəni  şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə  şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.  
5-cisi, belə adət də mövcud deyilsə hakim eyni olmasa da mahiyyətcə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını işə tətbiq edir. Buna qanunun analogiyası deyilir. Yəni ki, bir məsələni tənzimləyən qanun analoji məsələlərə də tətbiq edilir:
Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. (KQ m.13.1)
Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. (KQ m.13.2)
Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. (MPM m.13.4)
Hüququ tətbiq edən orqanın analogiyadan istifadəsi hüquqda çatışmazlığı aradan qaldırılması və yeni normanın yaradılması deyildir.
Qətnamədən çıxarış
İş materiallarından göründüyü kimi Sulu-Təpə qəsəbəsində yerləşən mübahisəli ev tikilisi özbaşına tikili olmaqla, həmin evdə A pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
Özbaşına tikililərdə yaşayış sahəsindən istifadə hüququ qüvvədə olan qanunvericiliklə birbaşa müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinə köçürülmə haqqında B`nin iddiasına birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mənzil qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmişdir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 noyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı B`nin Sulu-Təpə qəsəbəsində yerləşən evə  yaşayış hüquqları tanınmış və onun həmin evə pasport qeydiyyatına alınması qət edilmişdir.
Analogiya tətbiq edildikdə hər bir konkret iş üzrə fərdi qərar çıxarılır ki, bu qərar oxşar hallar üçün məcburi deyil. Yəni, konkret məsələnin həll edilməsi məqsədilə oxşar münasibətləri tənzimləyən hüquq normasının tətbiq edilməsi və bunun nəticəsində qəbul edilən qərar (qətnamə) analoji məsələlərin həllində hüquqi presedent təşkil etmir. Lakin analogiyanın səlahiyyətli və nüfuzlu orqan tərəfindən qəbul edilməsi, gələcəkdə  oxşar işlərin həllinə kömək edə bilər. Belə ki, Ali Məhkəmə orqanlarının ixtiyarı var ki, qanunvericiliyin tətbiqi məsələləri üzrə izahatlar versin. Konstitusiyanın 131.1-ci maddəsinə görə Ali Məhkəmə məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Bu cür izahatlar, bir qayda olaraq, Ali Məhkəmə Plenumu qərarları formasında qəbul edilir və ümumiləşdirilmiş materiallara əsaslanır. Plenum qərarları bütün məhkəmə orqanlarına şamil edilir. Bu qərarlardan istifadə olunması şərh olunan normanın tətbiq edildiyi hər bir hal üçün nəzərdə tutulur. Plenum qərarlarının əksəriyyətində qüvvədə olan qanunvericilik təfsir olunur, qanunvericiliyin mənası aydınlaşdırılır və izah edilir. Yəni plenum qərarları ilə ümumi məcburi davranış qaydası (hüquq norması) müəyyən edilmir. Buna görə də plenum qərarları hüququn mənbəyini təşkil etmir. Yəni, burada məhkəmə praktikası ilə hüquqi presedenti bir-biri ilə qarışdırmamaq lazımdır.
Bununla belə, hüquqdakı müvafiq boşluqların doldurulmasında həmişə analogiyanı tətbiq etmək olmur. Yəni analogiya heç də boşluqların doldurulması üçün mütləq kateqoriya deyil. Bu zaman həmin hüquq sahəsinin tənzimetmə metodu analogiyanın tətbiqini istisna edir. Məsələn, analogiyanın tətbiqi cinayət və inzibati işlər üzrə istisna edilir. Bu sahələrdə boşluqların olması danılmazdır. Lakin bu boşluqlar doldurulmur, dəf edilmir. İnzibati və cinayət hüququnda mövcud olan boşluqlar yalnız aradan qaldırılır.
Qüvvədə olan Cinayət Məcəlləsinin 5-ci maddəsində qanunçuluq prinsipi təsbit olunub. Bu məcəllənin 5.2-ci maddəsində analogiyanın tətbiq edilməsi imperativ qaydada istisna edilir: - “cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.” İnzibati Xətalar Məcəlləsinin də 6.3-cü maddəsinə görə: - “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.”
Belə normaların imperativ qaydada müəyyən edilməsi məhz qanunçuluq prinsipinin mahiyyətindən irəli gəlir və bu prinsipin təmin edilməsi analogiyanı istisna edir. Bu prinsipə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət və ya inzibati xəta sayılması və həmin əmələ görə cinayət və ya inzibati xarakterli tədbirlər yalnız  müvafiq məcəllələr ilə müəyyən edilir. Eyni müddəalar KQ`da da öz əksini tapmışdır:
- “Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.” (KQ m.13.5)
Qanunçuluq prinsipi şəxsiyyətin hüquqlarının və azadlıqlarının təminatçısı kimi çıxış edir. Hüququn digər sahələrində isə analogiya bu və ya digər şəkildə tətbiq edilir. Ümimiyyətlə analogiya tətbiq olunması barəsində  xüsusi qadağa olmayan bütün hüquq sahələrində tətbiq edilir.
2. Qanunda boşluq və hüququn analogiyası
Bəs əgər həm qanunvericilikdə məsələni birbaşa tənzimləyən imperativ və dispozitiv hüquq normaları, həm də qanunda mahiyyətcə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları olmadıqda necə olacaq? Bu vəziyyətə “qanunda boşluq” deyilir.
Qanunda boşluq üç səbəbdən yaranır:
1) qanunvericiliyin hüquqi tənzimlənməsi tələb olunan bütün ictimai münasibətləri əhatə edə bilməməsi;
2) hüquqi texnikanın çatışmazlığı nəticəsində;
3) ictimai münasibətlərin daima inkişaf etməsi səbəbinə görə.
Bəs belə olan halda hakim işə nəyə əsasən baxmalıdır? Axı qanunda normanın olmaması məhkəməni həmin işə baxmaqdan azad etmir:
Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. (AR MM m.11.5)
6-cısı, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir. Buna da hüququn analogiyası deyilir. Hüququn analogiyası qanunun analogiya üzrə tətbiq edilməsi mümkün olmadıqda həyata keçirilir. Bu zaman iş hüququn prinsipləri əsasında həll edilir.  
- “Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.” (AR MM m.11.2)
- “Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.” (KQ m.13.4)
Mülki hüquq sahəsinə aid prinsiplər AR MM`nin 6-cı maddəsində sadalanmışdır. Bunlar aşağıdakılardır:
1. mülki hüquq subyektlərinin bərabərliyi;
2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;
4. mülkiyyətin toxunulmazlığı;
5. müqavilələr azadlığı;
6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;
7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;
9. mülki hüquqların məhkəmə müdafiəsi.
Analogiya vasitəsilə hüquq tətbiqedici orqan boşluğu aradan qaldırmır, onu ancaq dəf edir. Boşluq ancaq səlahiyyətli norma yaradıcı orqan tərəfindən aradan qaldırıla bilər.
3. Qanun boşluğu və hüquq boşluğu ayırımı
Konkret ictimai münasibətlər qanunvericiliklə birbaşa tənzimlənmədikdə və həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları (qanunun analogiyası) da yoxdursa belə vəziyyətə qanunda boşluq deyilir. Lakin qanun boşluğundan söz edə bilmək üçün qanunvericiliklə birbaşa tənzimlənməmiş məsələ hüquq normaları ilə tənzimlənməsi zəruri olan məsələ olmalıdır. Yoxsa adi məişət hadisələri qanunvericiliklə birbaşa tənzimlənmir deyə qanun boşluğundan bəhs etmək doğru olmaz. Bundan başqa qanun boşluğundan söz edə bilməmiz üçün bir məsələ qanunun sadəcə düzünə yox, eyni zamanda əqsinə mənası baxımından da tənzimlənməmiş olmalıdır.
Məsələn, “Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.” (AR MM m. 362.2.)
 Burada tənzimlənən məsələ etibarnamənin formasıdır. Qanun mətninin düzünə mənası ilə notarial forma tələb edən əqdlərin bağlanması üçün verilən etibarnamənin forması tənzimlənir. Ancaq bu o demək deyil ki, notarial forma tələb etməyən əqdlərin bağlanması üçün verilən etibarnamənin forması qanunda tənzimlənməmiş və qanunda boşluq vardır. Belə ki, qanun mətninin əqsinə mənasına görə belə etibarnamələrin notariat qaydada tərtib edilməsi tələb olunmur və bunlar ixtiyari formada ola bilər. 
İctimai münasibətlər qanunvericiliklə birbaşa tənzimlənmədikdə, həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları (qanunun analogiyası) və tətbiq edilə bilən işgüzar adət də olmadıqda belə vəziyyətə hüquqda boşluq deyilir.
4. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında qərar
- “Qanunvericilikdə boşluqları aşkar edən və hüquq tətbiq edən orqan konkret ictimai münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi normayaratma orqanına bu barədə məlumat verməlidir.” (KQ m.15.1.)
- “Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.” (KQ m.15.2)
5. Hüququn analogiyasından və ya qanunun analogiyasından  istifadə olunmasını istisna edən hallar (KQ m.16)
Aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz: (KQ m.16)
1. qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;
2. normativ tənzimləmə zərurəti olmadıqda;
3. normativ tənzimləmə qanunla qadağan olunduqda;

4. normativ tənzimləmə mövcud olduqda.

Obyektiv mənada hüququn anlayışı və hüquqi aktların təsnifatı

1. Obyektiv mənada hüququn anlayışı
Hüquq mürəkkəb və çoxcəhətli anlayışlardan biri olub, müxtəlif mənalarda işlədilir. Bir qayda olaraq, “hüquq” dedikdə, hüquq normalarının məcmusu başa düşülür ki, buna da obyektiv mənada hüquq deyilir. Obyektiv mənada hüquqa “obyektiv hüquq” vəya “pozitiv hüquq” da deyilir. Obyektiv hüquq ona görə “obyektiv” adlanır ki, 1) hüquq normaları konkret bir hadisəyə bir dəfə tətbiq olunmaq üçün deyil, əksinə qüvvədə olduğu müddət ərzində baş verən bütün analoji hallara dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulur, 2) hüquq normaları konkret bir fərdə deyil, qeyri-müəyyən sayda fərdlərə şamil edilir, 3) bir çox hüquq normalarının tətbiqi fərdlərin iradəsindən asılı deyildir.        
Deməli, obyektiv mənada hüquq dedikdə, bir ölkə ərazisində qüvvədə olan bütün hüquq normaları başa düşülür. Hüquq normasının tərifindən də bildiyimiz kimi hüquq normaları rəsmi sənədlərdə əks olunur. Lakin dövlət orqanları hüquq norması müəyyən etməyən rəsmi sənədlər də qəbul edirlər. Bütün bu sənədlərə hüquqi aktlar deyilir.
2. Hüquqi aktların təsnifatı
Azərbaycan Respublikası Konstitusiyasının müəyyən etdiyi məsələlərdən biri qanunvericilik sistemi, normativ-hüquqi aktlar, hüquq və qanun məsələləridir. Konstitusiyanın V bölməsində ifadə olunan normalar məhz bu məsələlərə həsr edilmişdir.
Hüquqi aktların təsnifatı Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 1.0.4-cü maddəsində verilmişdir. Buna görə hüquqi aktlar a) normativ hüquqi aktlar, b) qeyri-normativ hüquqi aktlar və c) normativ xarakterli aktlar adlanan növlərə bölünürlər. Burada “hüquqi akt” termini “obyektiv hüquq” terminindən daha geniş mənada işlədilmişdir. Yəni sadəcə hüquq normalarının əks olunduğu rəsmi sənədlər deyil, həm də hüquq normasını əks etdirməyən digər rəsmi sənədlər (qeyri-normativ hüquqi aktlar və normativ xarakterli aktlar) də nəzərdə tutulmuşdur. Belə ki, birincidən fərqli olaraq, ikinci və üçüncü növ hüquqi aktlarda hüquq normaları müəyyən edilmir.       
3. Qanunvericilik sistemimiz və hüquqi aktların təsnifatı
Ümumi olaraq hüquqi aktların təsnifatını bu şəkildə göstərmək olar:
A. Normativ hüquqi aktlar:
1- Konstitusiya
2- Referendumla qəbul olunan aktlar
3- Beynəlxalq müqavilələr
4- Qanunlar
5- Fərmanlar
6- Nazirlər Kabinetinin qərarları
7- Mərkəzi İcra Hakimiyyəti orqanlarının normativ aktları

B. Qeyri-normativ hüquqi aktlar:
Bunlar 1 dəfəyə məxsus olaraq tətbiq olunma halları ilə bağlı hüquqi aktlardır və aşağıdakılar bu növə aid hüquqi aktlardır:
1- Milli Məclisin qərarları
2- Prezidentin sərəncamları
3- Nazirlə Kabinetinin sərəncamları
4- VVADQ (vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı) orqanlarının aktları və s.

C. Normativ Xarakterli aktlar:
Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənədlərdir.
1- Konstitusiya Məhkəməsi qərarları
2- Mərkəzi Seçki Komissiyasının qərar, təlimat və izahları
3- Mərkəzi Bankın qərarları
4- Məhkəmə Hüquq Şurasının qərarları
5- Milli TV və Radio Şurasının qərarları
6- Yerli Özünüidarə və yerli icra hakimiyyəti orqanlarının qərarları

3.1. Normativ hüquqi akt anlayışı
Normativ hüquqi aktların tərifi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda belə verilmişdir:
Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. (m. 1.0.1.)
Normativ hüquqi aktlar hüququn əsas və mühüm yazılı mənbə növü hesab edilir. Onlar hüququn mənbəyinin təkmilləşdirilmiş növü olub, hüquqi tənzimləmənin dəqiq olmasını təmin edir.
3.2. Qanunvericilik sistemimizə daxil olan normativ hüquqi aktlar
Normativ-hüquqi aktlar bir-biri ilə xaotik və nizamsız halda birləşməmişdir. Onlar müəyyən sistem halında yerləşir. Söhbət normativ-hüquqi aktların müəyyən ardıcıllıqla vahid şaquli xətt üzrə birləşməsindən gedir. Ardıcıllıq normativ-hüquqi aktın qüvvəsi ilə müəyyən edilir. Normativ-hüquqi aktların bu cür sistematik düzlənməsi qanunvericilik sistemini yaradır.
Qanunvericilik sistemi dedikdə, normativ-hüquqi aktların, onların malik olduğu hüquqi qüvvəsindən asılı olaraq vahid şaquli xətt üzrə müəyyən ardıcıllıqla düzlənməsi və yerləşməsi başa düşülür.
Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
3.2.1. Konstitusiya
Konstitusiya ictimai və dövlət quruluşunun əsasını və qanunvericilik sisteminin normativ bazasını təşkil edir.
I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. (AR K m.147.)
Bu maddənin I və II hissələrinin başlıca təyinatı digər normativ-hüquqi aktlar sırasında Konstitusiyanın aparıcı mövqeyini müəyyənləşdirməkdən, habelə dövlət hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən qəbul edilən hüquqi aktlarla onların qarşılıqlı əlaqəsini təsbit etməkdən ibarətdir. Konstitusiyanın “yüksək hüquqi qüvvəyə malikdir” müddəası onun ölkə ərazisində qüvvədə olan digər normativ-hüquqi aktlardan üstünlüyünü təsdiq edir. Məhz bu üstün mövqeyi ilə qanunların və qanunqüvvəli aktların Konstitusiyaya zidd olmaması müəyyən edilir.
Konstitusiyanın yüksək hüquqi qüvvəsini şərtləndirən əsas amillərdən biri də ona dəyişikliklərin və əlavələrin edilməsinin xüsusi qaydalarının müəyyən olunmasıdır.
Azərbaycan  Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası
“Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.” (ARK m.152)
Konstitusiyaya referendum yolu ilə dəyişikliklərin edilməsi müddəası Konstitusiyanın özünün qəbul edilməsi qaydasından irəli gəlir. Belə ki, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının 15-ci maddəsində deyilir: «Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə qəbul edilir».
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası
“Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişillikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.” (ARK m.153)
Bu təklif Milli Məclis tərəfindən irəli sürülərsə Məclis tərəfindən ən az 63 səs çoxluğu ilə qərar qəbul edilməlidir.
Konstitusiyanın daxili quruluşunun və uyğunluğunun təmin olunması məqsədilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ilkin konstitusiya nəzarəti qaydasında Konstitusiyaya dəyişikliklərin edilməsi barədə qanun layihələri haqqında, onlar referenduma çıxarılmamışdan əvvəl öz rəyini verir.
Konstitusiya Məhkəməsinin rəyi tövsiyəedici xarakter daşıyır. Maddədə hüquqi vəzifə olaraq Konstitusiya Məhkəməsinin rəyi­nin alınması təsbit edilmiş, belə bir rəyin Konstitusiya Məhkəməsi tərəfindən verilməsi isə bir vəzifə olaraq qanunla Konstitusiya Məhkəməsinin üzərinə qoyulmuşdur. Belə ki, eyni norma «Konstitusiya Məhkəməsi haqqında» 2003-cü il 23 dekabr tarixli Azərbaycan Respublikası qanununun 61-ci maddəsində də öz əksini tapmışdır.
Həmin maddəyə görə, Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti Azərbay­can Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təklif verərlərsə, təklif olunmuş dəyişikliklərin mətni ilə bağlı məsələ Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək Konstitusiya Məhkəməsinin iclasına çıxarılmalıdır.
Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azər­baycan Respublikası Konstitusiyasının prinsiplərinə uyğun olması və ya olmaması haqqında əsaslandırılmış rəy qəbul etməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın 1-ci (Hakimiyyətin mənbəyi), 2-ci (Xalqın suverenliyi), 6-cı (Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi), 7-ci (Azərbaycan dövləti), 8-ci (Azərbaycan dövlətinin başçısı) və 21-ci (Dövlət dili) maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. (ARK m.155)

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası (ARK m.156)

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.
III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.
V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir.

Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü (m.157)

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması (m.158)

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla (I. Xalq Hakimiyyəti və II. Dövlətin Əsasları) əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.
3.2.2. Referendumla qəbul edilmiş aktlar
Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Yalnız referendumla həll oluna bilən məsələlər AR K-da verilmişdir:
Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi (AR K. m.3.II)
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi (AR K. m.3.II)
Referendumun təyin edilməsinə dair qərar Milli Məclisdə 63 səs çoxluğu ilə qəbul edilir. (AR K. m.95.II)
Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. (AR K. m.149.II)
3.2.3. Qanunlar
Qanunvericilik sistemində qanunlar qanunqüvvəli aktlardan bir-neçə cəhətlərinə görə fərqlənir və onlardan üstün hüquqi qüvvəyə malikdirlər:
Birincisi, qanunları qanunqüvvəli aktlardan fərqləndirən əsas cəhət qanunun qəbul edilməsinin AR Milli Məclisinin müstəsna səlahiyyətinə aid olmasıdır. Bu mühüm funksiyanın yalnız AR Milli Məclisinin səlahiyyətinə aid edilməsi hüquqyaratma prosesinin sabitləşdirilməsi və qanunçuluğun möhkəmləndirilməsi zərurətindən irəli gəlir.
İkincisi, qanunun yüksək hüquqi qüvvəyə malik olması o deməkdir ki, qanun yalnız qanunvericilik qaydasında və ancaq onu qəbul etmiş orqan tərəfindən ləğv oluna bilər.
Üçüncüsü, qanun mühüm ictimai münasibətləri nizama salır.
Qanun dedikdə, xüsusi qaydada qəbul edilən, yüksək hüquqi qüvvəyə malik olan, ictimai və dövlət həyatının ən mühüm məsələlərini tənzimləyən normativ-hüquqi aktlar başa düşülür.
Qanunlar adi (cari) və Konstitusiya qanunları olmaqla iki yerə bölünürlər. Konstitusiya qanunları bir qayda olaraq Konstitusiya mətninə əlavələrin daxil edilməsi məqsədilə qəbul olunurlar.  
Azərbaycan Respublikasının Milli Məclisi bir çox məsələlərə dair ümumi qaydalar (hüquq normaları) müəyyən edir. Bunlardan, Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Milli Məclisə seçkilər və deputatların statusu və referenduma dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. (AR K m.94.II)
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə bir çox məsələlərin həlli aiddir. Bunlardan, Milli Məclisin işinin təşkili, Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərimizin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarətə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir. (AR K m.95.II)
Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir. (AR K m.97.I)
Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir. (AR K m. 97.II)
Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. (AR K m.111. I)
Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. (AR K m. 156.I)
Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. (AR K m. 156.V)
Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. (AR K m.111. II)
Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.  (AR K m. 98)
Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. (AR K m.149.III)
3.2.4. Fərmanlar
Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. (AR K m.113.I)
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. (AR K m.113.II)
Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. (AR K m.149.IV)
Bəzi fərmanlar (hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə dair) Milli Məclisdə 63 səs çoxluğu ilə təsdiq edilir. (AR K m.95.I.8, II, 111, 112) 
3.2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. (AR K m.120.I)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. (AR K m.120.II)
Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. (AR K m.149.V)
3.2.6. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. (AR K m.149.VI)
3.2.7. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi
Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. (AR K. m.148.III)
Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. (AR K. m.148.IV)
4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. (AR K. m.148.II)
Söhbət Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş beynəlxalq müqavilələrdən gedir. Yalnız bundan sonra beynəlxalq müqavilələr hüquqi qüvvəyə malik olur və Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkibinə daxil edilir.
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. (AR K. m.151)
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır.
Texniki yardım və qrant alınmasına, həmçinin dövlət zəmanəti ilə alınan kreditlərə dair beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər hallarda Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti bütün beynəlxalq müqavilələr barəsində, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələr barəsində danışıqlar aparmaq və onları imzalamaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının Prezidenti beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.
Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir. (bax: AR K m.95.I.4, m.94.I.22)
Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və 63 səs çoxluğu ilə müvafiq qanun qəbul edir.
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
Ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidentinin təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir.
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti ləğv edir.
5. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi. Qanunvericilik piramidası
Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri, 134-cü maddəsinin IV, V hissələri və 151-ci maddəsi, eləcə də Normativ hüquqi aktlar haqqında 21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 2-ci maddəsi ilə müəyyən edilir.
6. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktlar haqqında 21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 3-cü maddəsi ilə müəyyən edilir:
3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;
3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları;
3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.
7. Normativ xarakterli aktlar
Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktlar haqqında 21.12.2010-cu il tarixli Konstitusiya Qanununun 4-cü maddəsi ilə müəyyən edilir:
4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
4.1.3. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5. Milli Televiziya və Radio Şurasının qərarları;
4.1.6. yerli özünüidarə orqanlarının qərarları;
4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.
Normativ xarakterli aktlar haqqında Konstitusiyada da bəzi müddəalar vardır:
Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. (AR K. m.148.V)
Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. (AR K. m.150.I)
Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. (AR K. m.150.II)

8. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətlərinin hüquqi əsası

Normativ-hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir.
Normativ-hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və özündən daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır.
9. AR Konstitusiya Məhkəməsi

9.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı və əsas məqsədləri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - "Konstitusiya Məhkəməsi") Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

9.2 Konstitusiya Məhkəməsinin səlahiyyətləri

Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 101-ci maddəsinin V hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III – VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir. Konstitusiyanın 130-cu maddəsinə əsasən:
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
9.3. Konstitusiya Məhkəməsi qərarlarının hüquqi qüvvəsi (m. 66)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının və  digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir  ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. (AR CPM m.10.3)
Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.
10. Normativ hüquqi aktların kolliziyası
10.1. Kolliziya anlayışı
Normativ hüquqi aktların kolliziyası dedikdə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) başa düşülür. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları həmin qanunun 10-cu maddəsi ilə tənzimlənmişdir. Buna görə,
1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən normativ hüquqi aktların hüquqi qüvvəsi nəzərə alınır.
2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.
4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.
7. Dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyildirlər.
8. Naxçıvan Muxtar Respublikasında normativ hüquqi aktların kolliziyası həll edilərkən normativ hüquqi aktların hüquqi qüvvəsi nəzərə alınır.
10.2. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları
Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları qanunun 12-ci maddəsi ilə tənzimlənmişdir. Buna görə,
1. Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir.
2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə aşağıdakı tədbirlər görülməlidir.
1. normativ hüquqi aktın ləğv edilməsi;
2. normativ hüquqi aktda dəyişikliklər edilməsi;

3. normativ hüquqi aktların məcəllələşdirilməsi.